• Bakı 11° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan Mərkəzi Bankının funksiyaları yenilənir

İQTİSADİYYAT

09 Iyun 2023 | 13:15

Azərbaycan Mərkəzi Bankının funksiyaları yenilənir

Azərbaycan Mərkəzi Bankının (AMB) funksiyalarının sayının 9-dan 11-ə çatdırılması və yenidən müəyyən olunması təklif edilir.

Bakıvaxtı.az xəbər verir ki,  bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, AMB-nin yenilənmiş funksiyaları aşağıdakılardır:

- dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi;

- nağd pul dövriyyəsinin təşkil edilməsi, Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi;

- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsi;

- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;

- beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi;

- maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi;

- ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi;

- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması;

- “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi;

- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;

- bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR

28 Mart 2024