2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos dünya ölkələrinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bakıvaxtı.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, yeni nəsil xidmət ixracı hesab edilən bu göstərici xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rol oynayır.
Hesabata əsasən, qeyd olunan dövrdə xidmət ixracından əldə edilən gəlirin 66%-i bərpa olunan ixrac müqabilində formalaşıb. Təkcə sentyabr ayında Azərkosmosun dünyanın 35 ölkəsinə göstərdiyi xidmətlərin dəyəri 1,6 milyon dollar olub.
Peyk telekommunikasiya xidmətlərinin əsas ixrac bazarları aşağıdakı kimidir:
Birləşmiş Krallıq – 3,5 milyon ABŞ dolları
Lüksemburq – 2,6 milyon ABŞ dolları
İsveçrə – 717,6 min ABŞ dolları
Nigeriya – 635,8 min ABŞ dolları
Türkiyə – 614,3 min ABŞ dolları
Mərkəz bildirir ki, Azərkosmosun xidmət ixracı ölkənin qeyri-neft sektoru üzrə rəqəmsal xidmətlər portfelinin genişlənməsinə mühüm töhfə verməkdə davam edir.
Əli Hüseynov
Bakı 



