Ölkəmizdə səfərdə olan Qazaxıstanın Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin Azərbaycanın Ali Məhkəməsində olub.
Bu barədə BAkıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, ədalət mühakiməsinin təkmilləşdirilməsi, iki dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə 2025-ci il oktyabrın 29-da Azərbaycanın Məhkəmə-Hüquq Şurası ilə Qazaxıstanın Ali Məhkəmə Şurası arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi əhəmiyyət kəsb edir.
Qonağa ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə tətbiq edilən yeniliklər, hakimlərin seçim prosesi və qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Qazaxıstan Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib. Həmçinin məhkəmə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin təşviqinin əhəmiyyəti vurğulanıb.
Sonra qonaq Ali Məhkəmənin inzibati binası ilə tanış olub.
Bakı 




