Azərbaycan ərazi bütövlüyünü bərpa edən ilk MDB dövləti kimi yeni dövrə qədəm qoyur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
O bildirib ki, Azərbaycan MDB məkanında postmünaqişə dövründə ərazi bütövlüyünü tam bərpa edən ilk dövlətdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin geosiyasi mövqeyini daha da gücləndirib və Azərbaycanı regionun mühüm siyasi aktoruna çevirib.
Deputat qeyd edib ki, Prezidentin Xocalı soyqırımı memorial abidəsindəki çıxışında vurğuladığı nailiyyətlər həm siyasi sabitlikdə, həm də iqtisadi göstəricilərdə öz əksini tapır. Xüsusilə 2003-cü ildən sonrakı dövrdə Azərbaycanda siyasi sabitlik təmin olunub, ölkənin valyuta ehtiyatları isə 2 milyard dollardan 85 milyard dollara qədər yüksəlib.
Bayramov bildirib ki, iqtisadi gücün artması, regional təhlükəsizliyin möhkəmlənməsi və əldə olunmuş tarixi qələbə Azərbaycanın iqtisadiyyatında təhlükəsizlik amilini daha da gücləndirir.
Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı bərpası və məskunlaşdırılması sürətlə davam edir. Böyük Qayıdış çərçivəsində indiyədək 28 min 697 nəfər – yəni 7 min 154 ailə doğma yurdlarına qayıdıb. Təkcə 2026-cı ilin yanvar–fevral aylarında keçmiş məcburi köçkünlərə 2863 mənzil təqdim edilib.
Bu il ərzində isə dövlət büdcəsi hesabına daha 646 mənzil tikilərək vətəndaşlara verilib. Milli Məclisin üzvünün sözlərinə görə, bu göstəricilər Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin bariz nümunəsidir.
Əli Hüseynov
Bakı 




