Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.
Bilyardın ilk olaraq ölkəmizdə bu idman növünün inkişafı və peşəkar şəkildə təbliği istiqamətində mühüm bir addım atdıq. Böyük qürur hissi ilə bildiririk ki, artıq biz yalnız bir klub deyil, əsl bir bilyard akademiyasıyıq.
Yeni yaradılmış Bilyard Akademiyası milli komandanın yüksək səviyyəli hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.
Akademiyamız təkcə məşq və oyun sahəsi deyil, həm də gələcəyin çempionlarının yetişdiyi, beynəlxalq yarışlara hazırlanan bir mərkəzdir. Bizim məqsədimiz — Azərbaycanda bilyard mədəniyyətini formalaşdırmaq, gəncləri bu idman növünə cəlb etmək və dünya səviyyəli idmançılar yetişdirməkdir.
Bu gün Akademiyada ilk mötəbər tədbir baş tutdu — xaricdən xüsusi dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə bilyard üzrə seminar keçirildi. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə dəyərli tövsiyələr verildi.