Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.
Bakıvaxtı.az xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan 1974-cü il təvəllüdlü M.Məmmədova (soyadlar şərtidir) şöbə müdiri R.Babayevanın otağına daxil olaraq onu təhqir edib. Dava-dalaşı kitabxananın digər işçiləri yatırıblar. Bundan sonra R.Babayeva polisə müraciət edib.
Polis tərəfindən saxlanılan M.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Astara Rayon Məhkəməsində keçirilən iclasda şöbə müdiri M.Məmmədovanın onu əsassız yerə söydüyünü bildirib: "Saat 11:45 radələrində M.Məmmədova Mərkəzi Kitabxanadakı iş otağıma hücum edib, heç bir əsas olmadan məni təhqir edərək söyüşlər söydü. İş yoldaşlarımız daha sonra bizi sakitləşdirdi".
Barəsində protokol tərtib edilən kitabxana əməkdaşı isə şöbə müdirinin onun haqqında xoşagəlməz şayiələr yaydığını iddia edib: "R.Babayeva barəmdə yalan məlumat yaydığına görə onun otağında mübahisə etdik. Bərk əsəbləşdiyimə görə onun ünvanına nalayiq ifadələr işlətmişəm. Hazırda əməlimdən peşmanam".
Məhkəmə 49 yaşlı M.Məmmədovanın 70 manat məbləğində cərimə edilməsi və dərhal sərbəst buraxılması barədə qərar qəbul edib./qafqazinfo