• Bakı 31° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Azərbaycanda mühüm layihələrin memarı — Əməkdar mühəndis Teymur Mirzəyev

CƏMİYYƏT

08 Avqust 2025 | 11:36

Azərbaycanda mühüm layihələrin memarı — Əməkdar mühəndis Teymur Mirzəyev

Avqustun 11-i Azərbaycanda mühüm layihələrin memarı, Əməkdar mühəndis Teymur Mirzəyevin doğum günüdür. Bu münasibətlə onun həyat yoluna yenidən nəzər salmaq qərarına gəldik.

Bakıvaxtı.az xatırladır ki, Teymur İsmayıl oğlu Mirzəyev 1927-ci il avqustun 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası İsmayıl Mirzəyev bəy nəslindən olub və 1937-1938-ci illərdə Sovet hökumətinin repressiyası qurbanı olmuşdur. 1959-1960-cı illərdə İsmayıl bəyin ailəsi bəraət qazanıb.

Teymur Mirzəyev 1948-ci ildə Gəncədə orta məktəbi bitirib, 1954-cü ildə isə Bakı Dövlət Universitetini mühəndislik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1955-ci illərdə təyinatla Qroznı şəhərində texniki işçi kimi fəaliyyətə başlayıb, sonrakı illərdə mühəndis kimi çalışıb.

1962-1963-cü illərdə SSRİ Neft və Qaz Sənayesinin Nazirliyinin tabeliyində olan Sangəçal tikinti idarəsində mühəndis vəzifəsində işləyib. 1966-cı ildə Nazirliyin Rostov şəhərində yerləşən Cənub neft-qaz kəmərinin tikinti idarəsinin rəisi təyin olunub. 1970-ci ildə Bakı şəhərində Ümumittifaq Regional Cənub neft, qaz, su kəmərləri tikintisi Baş idarəsinin rəisi olub.

1970-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən fədakar əməyi və Kür-Abşeron su kəmərinin birinci növbəsinin çəkilməsinin müvəffəqiyyətlə başa çatdırılması münasibətilə 390 nömrəli fərmanla mükafatlandırılıb.

Kür-Abşeron su kəmərinin uğurla tamamlanmasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda neft-qaz və su kəmərlərinin tikintisi üçün Ümumittifaq Cənub Regional İdarəsinin Bakı şəhərində yerləşməsi təmin edilib və Teymur Mirzəyev həmin idarəyə rəhbər təyin olunub.

Bu idarə fəaliyyət göstərdiyi müddətdə bir sıra böyük layihələrdə — Bakı-Batumi neft-qaz kəməri, Bakı-Yevlax-Xankəndi qaz kəməri, Bakı-İran-Naxçıvan qaz boru kəməri və digər boru kəmərlərinin tikintisində iştirak edib. 1970-1974-cü illərdə Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Yevlax-Gorus-Naxçıvan magistral qaz kəmərləri çəkilib, əsas məqsəd Naxçıvanın qazla təmin olunması olub.

1970-ci illər ərzində regional idarə Azərbaycanın Ağdaş, Qəbələ, Şəki, Balakən, Zaqatala kimi bölgələrində mavi yanacağın çəkilməsində mühüm rol oynayıb. Göygöl rayonu ərazisindən Kəlbəcərə qaz kəməri çəkilib.

1975-ci ildə Heydər Əliyevin uzaqgörənliyi ilə Azərbaycanın böyük layihələrindən olan Haçıqabul rayonunun Atbulaq kəndi yaxınlığındakı “Kalmaz” Qaz Saxlama Stansiyasının tikintisi Teymur Mirzəyevin rəhbərliyi altında başa çatdırılıb və Bakı daxil olmaqla 40-dan çox rayona qaz təchizatı təmin edilib.

Rəhbərlik etdiyi regional idarə neft və qaz kəmərlərinin tikintisi üzrə ümumittifaq və xarici ölkələrdə — Rusiya, Gürcüstan, Ermənistan, İran, İraq, Suriya kimi ölkələrdə layihələrdə iştirak edib.

SSRİ və Azərbaycan Respublikası tərəfindən Teymur Mirzəyevin fəaliyyəti dəfələrlə yüksək qiymətləndirilib və təltif olunub. 1976-cı il sentyabrın 13-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 147 nömrəli fəxri fərmana layiq görülüb. 1980-ci ilin sentyabrında isə o və rəhbərlik etdiyi idarə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunublar.

Teymur İsmayıl oğlu Mirzəyev 1984-cü il iyunun 16-da vəfat edib.

Azərbaycanın mühüm layihələrinin memarı, əməkdar mühəndis Teymur Mirzəyevin zəngin fəaliyyəti və töhfələri bu gün də yüksək qiymətləndirilir.


SON XƏBƏRLƏR

07 Avqust 2025