İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzi ilə "Bayraktar Teknoloji Azərbaycan" MMC arasında kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bakıvaxtı.az Agentliyə istinadən xəbər verir ki, sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "Bayraktar Teknoloji Azərbaycan"ın direktoru Hüseyn Topuz imzalayıb.
Memoranduma uyğun olaraq, sənaye sahəsində kadr ehtiyaclarının öyrənilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, müasir və innovativ tədris proqramlarının hazırlanması, elmi-tədqiqat istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Xatırladaq ki, "Bayraktar Teknoloji Azərbaycan" 2022-ci ildə yaradılıb. H.Topuz Türkiyənin "Baykar Makina" şirkətinin sahə koordinatoru olub.
"Baykar Makina" "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də "Baykar Savunma" şirkətinin texniki direktorudur.
Bakı 




