• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanda Qurban bayramı qeyd olunur

CƏMİYYƏT

06 Iyun 2025 | 00:00

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Bakıvaxtı.az-ın xəbərinə görə, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətvada qeyd olunur ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. Bu gün isə məscidlərdə Bayram namazı qılınacaq.

Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər.

Borc alıb qurban kəsmək şəriətə uyğun deyil. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Qeyd edək ki, Qurban bayramı Azərbaycanda 2 gün qeyd olunur və qeyri-iş günləri hesab edilir. İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq.

Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR