Azərbaycanda səfərdə olan Somali prezidenti Hasan Şeyx Mahmud ilə dövlət başçısı İlham Əliyev arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, daha sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Tərəflər arasında önəmli sənədlər də imzalanıb.
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, Afrika dövlətlərinə son illər maraq bütün dünyada artıb.
Onun sözlərinə görə, Afrika qitəsində yerləşən ölkələrlə bağlı müxtəlif təşəbbüslər ortaya atılır:
"Onlarla əməkdaşlığı genişləndirməyə cəhdlər göstərilir. Türkiyə bu sahədə çox fəaldır. Azərbaycan prezidenti Qoşulmama Hərəkatı Təşkilatının uzun müddət sədri olub. Qoşulmama Hərəkatının tərkibində Afrika ölkələri çox geniş təmsil olunublar. Həmin ölkələrlə Azərbaycanın münasibətləri çox yaxşı olub”.
Müsahibimiz qeyd edib ki, əlbəttə istənilən halda Afrika dövlətləri ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq ehtiyacı yaranıb. Çünki Afrika dövlətlərində çox böyük potensial var və ağıllı dövlət başçıları bunu nəzərə alırlar:
“O baxımdan Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməsi təqdirəlayiqdir. Bu təşəbbüslər bundan sonra da davam etdirilməlidir".
Abutalıb Səmədov: Bundan sonra Azərbaycan hakimiyyətinin Afrika dövlətləri ilə əlaqələri daha da sıxlaşacaq
Həmsöhbətimiz əlavə edib ki, Afrika dövlətləri Azərbaycana həmişə dəstək veriblər:
"Azərbaycan onların dəstəyini qazanıb. Cənab Prezidentin Qoşulmama Hərəkatı sədrliyinə seçilməsində, sonradan müddətin uzadılmasında da, Afrika dövlətlərinin rolu kifayət qədər olub. Beynəlxalq qurumlarda daim bizi dəstəkləyiblər. Afrika dövlətləri erməni lobbisinin təsirinin az olduğu ölkələrdir”.
Abutalıb Səmədov hesab edir ki, bu məqamdan istifadə edərək əlaqələrimizi genişləndirməliyik:
“Düşünürəm ki, bundan sonra Azərbaycan hakimiyyətinin Afrika dövlətləri və onların rəhbərləri ilə görüşləri, əlaqələri daha da sıxlaşacaq".
Aydın Baxış