• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Azərbaycanın axtarışa verdiyi nazir müşaviri və jurnalistlər KİMDİR? - DOSYE

SİYASƏT

18 Avqust 2026 | 10:45

Azərbaycanın axtarışa verdiyi nazir müşaviri və jurnalistlər KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkənin konstitusiya quruluşuna, ərazi bütövlüyünə qarşı çağırışlar edən və terrorçuluğu təbliğ edən Rusiya Federasiyasının 3 vətəndaşı barəsində cinayət işi başladaraq onları İNTERPOL xətti ilə beynəlxalq axtarışa verib.

Bakıvaxtı.az Azərbaycan dövlətinə qarşı ağır cinayətlərdə ittiham olunan həmin şəxslərin dosyesini təqdim edir:

Aleksey Çadayev - Rusiya nəqliyyat nazirinin müşaviri, siyasi analitik

1978-ci ildə Moskvada doğulan Aleksey Çadayev Rusiyanın siyasi və media dairələrində ideoloq və analitik kimi tanınır. Müxtəlif illərdə Rusiya Dövlət Dumasında, Prezident Administrasiyasında və "Yedinaya Rossiya" partiyasında strateji layihələrə rəhbərlik edib.

Hazırda Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri postunu tutur. O, media resurslarında Azərbaycanın ərazi bütövlüyünə qarşı zorakı metodlardan istifadə edilməsini, ayrı-ayrı şəxslərin fiziki məhvini və ünvanlı sıradan çıxarılmasını açıq şəkildə təbliğ edib.

Semyon Uralov - Siyasi məsləhətçi və media eksperti

Postsovet məkanı üzrə ixtisaslaşmış siyasi politoloq və proqnozçu kimi çıxış edən Semyon Uralov uzun illərdir müxtəlif media layihələrinin müəllifidir. O, özünün "YouTube" platformasındakı "Семён Уралов" kanalı və orada yayımlanan "Чистота понимания" verilişi vasitəsilə anti-Azərbaycan təbliğatının əsas təşkilatçılarından biri olub.

Uralov efir imkanlarından istifadə edərək Azərbaycan Respublikasında etnik nifrət və düşmənçilik salmağa, dövlət əleyhinə təxribatçı çağırışlar etməyə şərait yaradıb.

İvan Knyazev - "Moskva 24" telekanalının aparıcısı

Rusiya mərkəzi televiziyalarında, xüsusilə "Moskva 24" kanalında xəbər və siyasi tok-şouların aparıcısı kimi fəaliyyət göstərən İvan Knyazev jurnalistika fəaliyyətini siyasi təhdid vasitəsinə çevirənlərdəndir. O, sözügedən proqramlarda fəal iştirak edərək Azərbaycan dövlətinə qarşı güc tətbiq olunması, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması istiqamətində açıq bəyanatlarla çıxış edib.

Xatırladaq ki, hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb, məhkəmə qərarı ilə barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026