ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır.
Bakıvaxtı.az-ın məlumatına görə, o, açıqlamasında "Növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər" fikrini səsləndirib. Onu da xatırladaq ki, ABŞ-nin 50-dən çox yəhudi ravvini "İbrahim razılaşması"nın genişləndirilməsi və türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib.
Ölkəmizin bu sazişə qoşulması nəyi dəyişə bilər? ABŞ-nin Azərbaycana bu cür təklifinin altında hansı səbəblər durur?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulmasına ehtiyac yoxdur.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması ilə bağlı müzakirələrə sıx şəkildə rast gəlinir. Lakin bu müzakirələrə ciddi yanaşmamaq məqsədəuyğundur:
"İbrahim Sazişləri" İsrailin və sionimzin Yaxın Şərqdə hökmranlığının kağız üzərində təsdiqlənməsidir. ABŞ və İsrailin hakim elitaları əvvəllər ərəb dünyasını, indi də müsəlman dünyasını bu sazişə qoşmaq niyyətindədir. Azərbaycan bu sazişi niyə imzalamalıdır?! Hesab edirəm ki, ölkəmiz bu sazişi imzalamamalıdır. Düzdür, ölkəmizdə İsraili sevənlər çoxdur. Lakin bu saziş ölkəmizin maraqlarına cavab vermir və Azərbaycana heç bir aidiyyatı yoxdur”.
Əhəd Məmmədli: Türkiyə bu məsələyə yaxın getmirsə, Azərbaycan da uzaq durmalıdır
Müsahibimiz hesab edir ki, "İbrahim Sazişləri" müsəlman dünyasını təhdid edən bir razılaşmadır. Bu razılaşmada Türkiyənin adı çəkilmir. Əgər bu saziş yaxşı olsaydı, ilk növbədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təklif olunardı.
"Ərəb ölkələri ilə sərhədi və ərəb coğrafiyasında özünəməxsus mövqeyi olan Türkiyə bu məsələyə yaxın getmirsə, Azərbaycan da uzaq durmalıdır. Bəzi qüvvələr ölkəmizi lazımsız oyunlara daxil etmək istəyirlər. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti müdriklik göstərərək, bu razılaşmaya imza atmayacaq", - deyə Əhəd Məmmədli vurğulayıb.
Qeyd edək ki, "İbrahim Sazişləri" 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. "İbrahim Sazişləri"nin tətbiqinə Donald Trampın birinci prezidentliyi dövründə başlanılıb. Məqsəd isə ABŞ-nin vasitəçiliyi ilə ərəb ökələri və İsrail arasında münasibətlərin normallaşdırılması idi.
Gülşən Şərif