• Bakı 20° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Şamil Ayrım: Azərbaycanın qələbəsi tarixin və ədalətin zəfəridir

SİYASƏT

15 Iyun 2025 | 16:27

Şamil Ayrım: Azərbaycanın qələbəsi tarixin və ədalətin zəfəridir

"BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi, beynəlxalq təşkilatlar uzun illər ikili standartlar nümayiş etdirdilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi yönlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım deyib.

O, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu əlamətdar günü “tarix səhnəsinin bənzərsiz nöqtəsi olan Şuşada” qeyd etməyin rəmzi anlam daşıdığını bildirib.

Türkiyəli deputat Azərbaycanın son illərdə diplomatik və hərbi sahələrdə mühüm qələbələr qazandığını vurğulayıb.

“90-cı illərdə Ermənistanın təcavüzü nəticəsində Qarabağ işğal olundu, Xocalı soyqırımı törədildi, bir milyona yaxın insan öz yurdundan didərgin düşdü. BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi, beynəlxalq təşkilatlar uzun illər ikili standartlar nümayiş etdirdilər”, – deyə Şamil Ayrım xatırladıb.

O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdiyini qeyd edib:

“Bu tarixi Qələbə Azərbaycanın Prezidentinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Bu, yalnız hərbi deyil, həm də tarixin, ədalətin zəfəridir”.

Çıxışında bölgədə sabitliyə qarşı çıxan qüvvələrə də toxunan Şamil Ayrım bu cəhdlərin uğursuzluğa məhkum olduğunu bildirib: “Regionda sülhün bərqərar olmasını istəməyən qüvvələr müxtəlif təxribatlara əl atırlar. Lakin unutmamalıdırlar ki, Azərbaycan öz suverenliyini artıq təmin edib və iradəsini ortaya qoyub”.

Türkiyəli deputat 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni iki qardaş ölkə arasında münasibətlərin zirvəsi adlandırıb.

“Bu sənəd dostluğumuzun, qardaşlığımızın və birlikdə gələcəyə doğru addımlamağımızın rəmzidir”, - deyə o, bildirib.

Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdiyini qeyd edən Ayrım vurğulayıb ki, bu proses Azərbaycanın daxili resursları hesabına həyata keçirilir – yollar, körpülər, tunellər tikilir, yeni iş yerləri yaradılır.


SON XƏBƏRLƏR

15 Iyun 2025