Xankəndinə səfərdən sonra İran prezidenti Məsud Pezeşkiana qarşı ölkəsində tənqid, hətta təhqir kampaniyası başladılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Rəşt Şəhər Şurasının üzvü Rza Aşəri prezident Pezeşkiana qarşı təhqiramiz ifadələrlə dolu bir çağırışla gündəmə gəlib. Aşəri “İnstaqram” paylaşımında İsraildən Pezeşkiana qarşı sui-qəsd etməyi istəyib. Qeyd edib ki, yeni prezident əvvəlkindən qat-qat inqilabçıdır. O, Pezeşkianın simasına və çıxışlarına ironik və təhqiredici şəkildə toxunub.
Bu açıqlama, Pezeşkianın Astara şəhərində ana dilində etdiyi çıxışdan sonra səsləndirilib. Prezidentin bu addımı bölgə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Rəşt Şəhər Şurasının üzvünün çıxışı isə ölkə daxilində kimlik və dil məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərir.
Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, İranda fars-şovinist dairələri prezident Məsud Pezeşkianın türk kimliyindən, mütəmadi türkcə danışmasından, ana dilində şeirlər deməsindən ciddi narahatlıq duyurlar.
Ekspert bildirib ki, Pezeşkianın hər fürsətdə türk kimliyini üzə çıxarması fars şoovinistlərinin xoşuna gəlmir:
"İranda türkəfobiya güclüdür. Farslarda ideoloji baxımdan türkə nifrət var. Ona görə hətta prezidentə qarşı bu cür hədyanlara, təhqirlərə yol verirlər, bundan çəkinmirlər. Əslində məlumdur ki, prezidenti hədəf alan şəxslər buna görə cəzalandırılmayacaqlarını bilirlər. Cəza alacaqlarını bilsələr, belə addım atmazdılar. Deməli, yuxarıdan tapşırıq alıblar. Əgər tapşırıq olarsa, Pezeşkiana qarşı basqılar davam edə bilər. Təhqirlər olmasa da, tənqidlərə, sərt tənqidlərə meydan verə bilərlər”.
Əhəd Məmmədli: Fars şovinistlərində milliyətçilik radikallaşıb, xəstəlik səviyyəsinə çatıb
Müsahibimiz qeyd edib ki, baş verənlər İranın hakim elitasının türkəfob olduğunun daha bir göstəricisidir. Bu da tarixə əsaslanan yanlış yanaşmadır:
“Fars şovinistlərində milliyətçilik radikallaşıb, xəstəlik səviyyəsinə çatıb. Belə xəstəliklər də müalicə olunmur. Xəstəliyin müalicəsi üçün İranda hakimiyyət yox, təfəkkür dəyişməlidir. Bu da hazırda mümkünsüzdür”.
Əhəd Məmmədli hesab edir ki, Tehran hökuməti öz siyasətində ciddi islahatlar aparmasa, Azərbaycana və Türkiyəyə münasibəti olduğu kimi qalacaq:
“Pezeşkian Bakı və Ankara ilə münasibətlərə can atsa da, İranın əsl sahibləri buna imkan vermirlər".
Aydın Baxış