Ümid edirik ki, Suriyada atəşkəs və tam inteqrasiya sazişi ərazi bütövlüyü və birliyə əsaslanan sabitliyə doğru səyləri effektiv şəkildə irəlilədəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı bəyanatında deyilir.
"Ümid edirik ki, Suriyanın gələcəyi terrorizm və bölünmədə deyil, birlik və inteqrasiyadadır. uriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən bu gün (18 yanvar) elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq.
Ümid edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək. Suriyada 8 dekabr 2024-cü ildə başlayan və ölkənin firavan gələcəyə çatması üçün müstəsna fürsət təşkil edən yeni dövr hazırda kritik mərhələdədir.
Yerdəki reallıqları anlayaraq, ümid edirik ki, Suriyadakı bütün qruplar və fərdlər ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar. Türkiyə, xalqın razılığına əsaslanan inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidənqurma təşəbbüslərini dəstəkləməyə davam edəcək", - deyə bəyanatda bildirilib./Report
Bakı 




