Sentyabrın 20-də Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.
İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eləcə də, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat, alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, aqro-sənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğu vurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litva hökumətlərarasıkomissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil, mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararası təmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.
Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
Səfər zamanı F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin və araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.