Türkiyənin nüfuzlu Türk Ədəbiyyatı Vəqfi təşkilatın qurucusu, görkəmli fikir adamı Ahmed Kabaklının yüz illik yubileyi ilə bağlı təsis etdiyi medalın Azərbaycandan olan laureatlarının adlarını açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ölkəmizin bir qrup tanınmış elm və mədəniyyət xadimi bu mükafata layiq görülüb.
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev də medala layiq görülənlər arasındadır. Tanınmış alim və ictimai xadim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Kardaş ülkeler” və “Türkiyenin çokkültürlü mühiti” (türk və ingilis dillərində) sanballı kitablarına görə bu mükafatı alıb. “Ahmed Kabaklı” yubiley medalını tanınmış alimə Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklı təqdim edib.
Xatırladaq ki, professor Çingiz Abdullayevin qələmə aldığı həmin kitabların Türkiyənin müxtəlif ali təhsil ocaqlarında, nüfuzlu qurumlarda, o cümlədən Türk Ədəbiyyatı Vəqfində təqdimat mərasimləri keçirilib, qardaş ölkənin mətbuatında sanballı resenziyalar dərc olunub.