Avqustun 6-da paytaxtın Nizami rayonunda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı xuliqanlıq etmiş şəxs məsuliyyətə cəlb edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurumun qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyən xanım əməkdaşları mənzilə baxış keçiriblər.
Onlar həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığını bildiriblər. Bu zaman 1975-ci il təvəllüdlü ev sahibi Ə.Hüseynov xanım əməkdaşın üstünə qışqırıb, təhqir edib. Xanım əməkdaşın mənzili tərk etməsinin ardından küçəyə çıxaraq onu söyməyə, təhqirlərini davam etdirməyə başlayıb, saçından tutaraq sürüməyə çalışıb.
Zərərçəkmiş şəxsin müraciəti əsasında həmin yerə gəlmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Ə.Hüseynovu saxlayıblar. Barəsində inzibati protokol tərtib edilib.
Şəkər xəstəsi olduğunu deyən həmin şəxs “Azəriqaz” əməkdaşından üzr istəyib.
Barəsində inzibati protokol tərtib edilən təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs edilib.