Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən “Azıx – Bizə məktub var” sənədli filmi təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, “Təhsil TV”nin ərsəyə gətirdiyi ekran əsəri Azərbaycanın mühüm arxeoloji abidələrindən biri olan Azıx mağarasına, onun qədim tarixinə və burada aparılan beynəlxalq elmi tədqiqatlara həsr edilib.
Filmin əsas məqsədi Azıx mağarasında həyata keçirilən arxeoloji araşdırmaların miqyasını, müasir tədqiqat metodlarını və elmi əhəmiyyətini geniş auditoriyaya çatdırmaqdır. Ekran əsərində qədim insanların həyat izlərinin öyrənilməsi, mağaranın keçmişdəki təbii mühitinin araşdırılması və arxeoloji materialların müasir texnologiyalar vasitəsilə təhlili diqqət mərkəzində saxlanılıb.
Filmin ssenari müəllifi və rejissoru Mirmehdi Ağaoğlunun sözlərinə görə, Azıx mağarasında artıq üçüncü ildir ki, Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən tədqiqatlar aparılır.
O bildirib ki, çəkilişlər zamanı üç gün Azıx mağarasında olublar. Bu müddətdə ekspedisiyanın rəhbəri Əjdər Babazadə çəkiliş qrupuna yaxından dəstək göstərib. Tədqiqatlarda Qarabağ Universitetinin və digər yerli ali təhsil müəssisələrinin müəllimləri, tələbələri və araşdırmaçıları ilə yanaşı, beynəlxalq elmi mərkəzləri və universitetləri təmsil edən mütəxəssislər də iştirak ediblər.
M.Ağaoğlu qeyd edib ki, Azıx mağarasında aparılan araşdırmalarda dünya arxeologiyasında tətbiq olunan müasir texnologiyalardan və qabaqcıl elmi metodlardan istifadə edilir. Bu yanaşmalar arxeoloji tapıntıların öyrənilməsi ilə yanaşı, qədim insanların yaşadığı dövrdəki ekoloji şəraitin, təbii mühitin və yaşayış xüsusiyyətlərinin daha dərindən araşdırılmasına imkan yaradır.
Onun sözlərinə görə, filmdə elmi proseslər mümkün qədər əhatəli təqdim olunub. Layihənin məqsədlərindən biri də ekran əsərinin gələcəkdə universitetlərin arxeologiya fakültələrində, elmi mərkəzlərdə və tədqiqat işlərində vizual vəsait kimi istifadə edilməsinə şərait yaratmaqdır.
Azıx mağarasında aparılan tədqiqatların rəhbəri Əjdər Babazadə isə bildirib ki, 2026-cı ildə hazırlanan film mağarada həyata keçirilən beynəlxalq arxeoloji araşdırmaların geniş videoxronikasıdır.
Onun sözlərinə görə, ekran əsərində Azərbaycan–Almaniya Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyasının müasir qazıntı metodları, beynəlxalq elmi əməkdaşlıq və qədim insanlığın izlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar əksini tapıb. Beynəlxalq tədqiqat qrupunda 14 ölkəni təmsil edən 30-a yaxın alim və mütəxəssis iştirak edib.
Ə.Babazadə vurğulayıb ki, film Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Leybnits Arxeologiya Mərkəzinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. Layihə arxeoloji qazıntılarla yanaşı, beynəlxalq elmi əməkdaşlığı, bilik mübadiləsini və Azərbaycanın qədim tarixinin öyrənilməsinə verilən töhfələri də nümayiş etdirir.
Qeyd edək ki, filmin çəkilişlərində Azıx Arxeoloji Tədqiqat və Analiz Laboratoriyası da iştirak edib. Ekran əsərinin ideya müəllifi “Təhsil TV”nin direktoru, Əməkdar jurnalist Bəhruz Nəzərov, ssenari müəllifi və rejissoru isə Mirmehdi Ağaoğludur.
“Azıx – Bizə məktub var” sənədli filmi Azərbaycanın qədim keçmişinin araşdırılması, tarixi yaddaşın qorunması və milli-mədəni irsin daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyır.
















