Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə mRNT Pfizer peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərin razılığı tələb olunacaq. Halbuki əvvəllər vsksinin yeniyetmələrə əks təsir göstərə biləcəyi deyilirdi. Bəs indi istisna hallarda olsa belə, bu cür qərarın verilməyi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı hepatoloq, infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a danışıb:

"Yeniyetmələr arasında peyvəndin vurulması onların əyani təhsilə keçməsi üçün vacibdir. Bilirik ki, əyani təhsil formasında maska taxılmasına və sosial məsafəyə əməl etmək mümkün deyil. Ona görə də, məncə, peyvəndin olunması onlar üçün vacibdir. Bu, bütün dünyada olan bir tendensiyadır və araşdırmalar aparılıb ki, artıq böyüklərdən sonra uşaqlara da mərhələ-mərhələ peyvəndin vurulmasına başlanılmalıdır.
Bu risk qrupu ilə əlaqəlidir. Birinci 65 yaşdan sonra ən yüksək risk qrupuna daxil olan insanlara vuruldu. Daha sonra isə yavaş-yavaş aşağı yaş qruplarına doğru gedildi. İndi isə bəzi ölkələrdə uşaqlara da peyvənd vurulmağa başlanılıb. Türkiyədə 12 yaşa qədər uşaqlara da peyvənd vurulacaq, Avropada da bu tendensiya davam edir. Gələcəkdə, yəqin ki, pandemiya davam edərsə, daha aşağı yaşlı uşaqlara peyvənd vurulacaq. Peyvəndin tərkibində zərərli dərman maddəsi olmadığı üçün əlavə bir təsirinin olacağını düşünmürəm. Əksinə yeniyetmələrdə vaksinin təsiri daha az ola bilər. Hər halda bu araşdırılıb və dünya ölkələrinin təcrübələrindən istifadə olunub. Düzdür, əvvəllər pfizer və digər peyvəndlər 18 yaşdan sonra olunurdu. Çünki yeni idi və araşdırma aparılmamışdı. Könüllülər üzərində araşdırmalar aparıldıqdan sonra məlum olur ki, aşağı yaş qruplarına da bu peyvəndi vurmaq mümküdür. Heç bir əlavə yan təsiri yoxdur".
Aytac Aslan
















