“Azərbaycan Hava Yolları” (AZAL) bu ilin sentyabr və oktyabr aylarında Bakı və Cənubi Koreyanın İnçon şəhəri arasında çarter reysi həyata keçirməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Koreyanın "Seoul city" nəşrinə müsahibəsində bildirib.
Diplomat ümid edir ki, çarter reyslərindən sonra müntəzəm uçuşlar da yerinə yetiriləcək.
“Birbaşa aviareys əlbəttə ki, ölkələrimiz arasında turizmin, o cümlədən mədəni və elmi-akademik əlaqələrin, ümumilikdə insanlar arasında təmasların inkişafına təkan verəcək. Biz iki ölkənin forum və sərgilərdə qarşılıqlı iştirakını fəal şəkildə təşviq etməyə və dəstəkləməyə davam edəcəyik. Buraya peşəkarlar və sahibkarlar arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaratmaq və əməkdaşlıq üçün yeni imkanlar açmaq da daxildir”, - o bildirib.
R.Həsənovun sözlərinə görə, Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi üçün istifadə olunmamış çox böyük potensial var: “Biz, həmçinin siyasi dialoqu yüksək səviyyədə saxlamaq üçün səylərimizi davam etdirəcəyik. Çünki bu, ikitərəfli münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır. Hesab edirəm ki, Azərbaycan-Koreya münasibətlərinin möhkəmləndirilməsində yeni mərhələləri qeyd etməyin vaxtı çatıb. Bu, təkcə dövlətlərarası münasibətlərdə yeni səhifənin açılması deyil, həm də B2B tərəfdaşlığının fəal inkişafı, eləcə də ölkələrimiz arasında şəxsiyyətlərarası əlaqələrin genişləndirilməsi demək olacaq”.
Səfir əməkdaşlığın prioritet istiqamətləri arasında bərpa olunan enerji mənbələri sahəsini də xüsusi qeyd edib: “Azərbaycan bərpa olunan enerji, o cümlədən quruda və dənizdə külək enerjisi sahəsində böyük potensiala malikdir. Ölkə artıq Asiya və Avropa şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurur. Gələcəkdə bərpa olunan enerji istehsalı artdıqca Azərbaycan Qara dəniz sualtı kabel layihəsi vasitəsilə Avropa ölkələrinə “təmiz elektrik enerjisi” ixrac etməyi planlaşdırır. Bu kontekstdə mən də hesab edirəm ki, qabaqcıl texnologiyalara malik Koreya ilə əməkdaşlıq potensialı çox yüksəkdir”.