Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsində təxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.
Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.
Bakı 



