• Bakı 12° C

    6.72 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir

MƏDƏNİYYƏT

04 Oktyabr 2024 | 14:41

Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İranın nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva belə bir tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. O, tarixi abidələrin qorunması işində Azərbaycanın UNESCO ilə sıx əməkdaşlığını vurğulayıb. Bununla bağlı dövlət xidmətinin rəhbəri xatırladıb ki, bu gün Azərbaycanın bəzi obyektləri UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alıb.

“Bilirsiniz ki, ərazilərimiz 30 ildən artıq işğal altında olub. Bu 30 il ərzində biz vəziyyəti öyrənməyə çalışmışıq. Çox təhlükəli şəraitdə obyektləri, abidələri müşahidə edir, onların hansı vəziyyətdə olduğunu anlamağa çalışırdıq, çünki ora gedə bilmirdik. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən işğaldan azad edilmiş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi qeydə alınıb.

Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Sərəncamına və Prezident Administrasiyası rəhbərinin 2023-cü il 26 sentyabr tarixli sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülən ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 196-sı Şuşada yerləşən 542 abidənin, o cümlədən 368 tarixi, memarlıq və arxeoloji obyektin inventarizasiyası aparılıb”, - deyə dövlət xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, torpaqların işğaldan azad edilməsindən sonra aşkar edilən bütün abidələr acınacaqlı vəziyyətdə olub. Ən parlaq nümunə tamamilə dağıdılmış Şuşa məscididir. Həmçinin 120 obyekt qismən məhv edilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxışında Böyük İpək Yolunun ölkələrin, xalqların birləşməsindəki əhəmiyyətini qeyd edib. “Böyük İpək Yolunun əsas vəzifəsi xalqları birləşdirmək, onlar arasında iqtisadi əlaqələri genişləndirmək idi. Lakin bununla yanaşı, bu yol xalqlar arasında münaqişələrə və müharibələrə səbəb olub. “Muzeyimizdə bu cür münaqişələr nəticəsində yox ola bilən bir çox abidələr təhlükəsiz şəraitdə qorunub saxlanılır”, - deyə o əlavə edib.

Qonaqları muzeyin eksponatları ilə tanış olmağa dəvət edən Nailə Vəlixanlı qeyd edib ki, muzeydə həmçinin tarixi, elmi, arxeoloji, numizmatik tədqiqatlar aparılır. “Böyük İpək Yolunda çoxlu qeyri-maddi irs obyektləri var və Azərbaycan bu abidələrin qorunması və bərpası layihələrində fəal iştirak edir.

Sonra UNESCO nümayəndəsi, Ümumdünya İrs Mərkəzinin Asiya-Sakit Okean şöbəsinin layihə rəhbəri, Yaponiyadan olan professor Roland Lin “Volqa-Xəzər İpək Yolu Dəhlizinin” müəyyən edilməsi və sənədləşdirilməsi layihəsində iştirak edən ölkələrin fəaliyyəti və onun ayrı-ayrı potensial komponentlərinin qorunması haqqında təqdimatla çıxış edib.

Qeyd edilib ki, konfransın təşkilində məqsəd “Volqa-Xəzər İpək Yolu Dəhlizinin transsərhəd nominasiyası”nda təqdim olunacaq mədəni irs obyektlərinin müəyyən edilməsi, müvafiq sənədlərin hökumət nümayəndələri, milli əlaqələndiricilər, yerli və dəhlizə daxil olan 5 ölkədən olan beynəlxalq ekspertlərlə müzakirə etməkdir.

Oktyabrın 3-dən 6-dək keçiriləcək konfrans və seminar İpək Yolu İrsinin Volqa-Xəzər dəhlizinə dair rəhbər sənədlərin və tövsiyələrin işlənib hazırlanması sahələrində səylərin davam etdirilməsinə yönəlib:

İrs obyektlərinin inventarlaşdırılması və elmi sənədləşdirilməsinin aparılması;

Volqa-Xəzər dəhlizinin Ümumdünya İrs Siyahısına transmilli nominasiyası üzrə seçim prosesində komponentlərin prioritetləşdirilməsi meyarlarının müəyyən edilməsi;

Koordinasiya mexanizminin və namizədlərin irəli sürülməsi prosesində Katibliyin rolunun razılaşdırılması;

Sualtı irs üzrə tədqiqatların aparılması və quru yollarının arxeoloji tədqiqatları ilə sualtı arxeoloji işlər arasında əlaqənin qurulması;

Volqa-Xəzər dəhlizinin tədqiqi də daxil olmaqla, ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) tərəfindən İpək Yollarının tematik tədqiqatlarının davam etdirilməsi.

Sonra Azərbaycan Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə keçirilən panel sessiyası çərçivəsində konfransda iştirak edən ölkələrin nümayəndələri il ərzində layihə çərçivəsində görülmüş işlərə dair təqdimatlarla çıxış ediblər.

Sonra “İpək Yolunda sinerji və əlaqələr” - “Volqa-Xəzər İpək Yolu Dəhlizinin quru marşrutları və sahil irsi” mövzusunda ikinci plenar iclas keçirilib.


SON XƏBƏRLƏR

11 Noyabr 2024