• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

CƏMİYYƏT

09 Oktyabr 2024 | 18:05

Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

Azərbaycan Tibb Universitetində “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru professor Rauf Bəylərov çıxışında ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birinin uşaqların sağlamlığı və qorunması olduğunu söyləyib. O bildirib ki, uşaqların sağlamlığında baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, uşaq nevroloqlarının və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli konqresdə çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin Azərbaycanda milli strategiyaya çevrildiyini deyib. O bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazası formalaşdırılıb. Müşfiq Məmmədli çıxışında tanınmış pediatr, mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən söz açıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova uşaqların sağlamlıq problemləri kimi, pediatriyanın istiqamətlərinin də müxtəlif olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün pediatrik ixtisaslar bir pediatriya çətirinin altında qərarlaşır.

Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti Kamçibek Uzakbayev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının fəxri sədri Boris Kaqanov, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının birinci vitse-prezidenti Aleksandr Qorelov, Çin Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti Sun Hujie, Şanxay Əməkdaşlıq Təşkilatı Xəstəxanalarının Əməkdaşlıq Alyansının direktoru Jiao Fuyun, Belarusun “Mat i ditya” Respublika Elmi-Praktik Mərkəzinin dosenti Larissa Qorbaç konqresin işini yüksək qiymətləndirərək gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkərinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə çıxışında assosiasiyasının ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafındakı xidmətlərindən söhbət açıb. O, pediatriya sahəsində xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə toxunaraq, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqlarının daim təkmilləşdirilməli olduğunu söyləyib.

Konqres öz işini elmi sessiyalarla davam etdirib. Konqres çərçivəsində ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə plenar iclaslar keçirilib, elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə edilib. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssisələrinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR