Sumqayıtda uşaq bağçasına gedən yoldakı təhlükəli vəziyyətlə bağlı Bakıvaxtı.az-a şikayət daxil olmuşdu.
Valideynlərin narazılığı ilə bağlı dərc olunan xəbərdən sonra aidiyyəti qurumlar dərhal hərəkətə keçib.
Məsələyə operativ müdaxilə olunaraq ərazidəki problemlər aradan qaldırılıb, piyada keçidində yenidən xətlənmə işləri aparılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, bundan əvvəl Bakıvaxtı.az-a müraciət edən valideyn Heydər Parkının sonundan – şirniyyat evinin qarşısından bağçaya qədər olan yolun qənaətbəxş olmadığını bildirmişdi. Valideynin sözlərinə görə, piyada səkiləri və kafellər yararsız halda idi, uşaq arabasını sürmək belə çətinlik yaradırdı. Eyni zamanda, ərazidə ağacların sıxlığı sürücülərin görüş bucağını məhdudlaşdırır, yolun ikiistiqamətli olması və piyada keçidinin silinməsi, müvafiq nişanların olmaması uşaqların və valideynlərin həyatını riskə atırdı.
Məsələ işıqlandırıldıqdan qısa müddət sonra aidiyyəti qurumlar tərəfindən zəruri bərpa işlərinə başlanılıb. Artıq həmin ərazidə piyada keçidi yenidən xətlənib, nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti təmin edilib. Sözügedən yolun hazırkı vəziyyətini əks etdirən görüntüləri təqdim edirik.
Günəş Mərd





