Bu ilin birinci yarısında "Bank Avrasiya" ASC-nin aktivlərində azalma müşahidə olunub. Belə ki, yanvarın 1-də 200 milyon 977.78 min manat olan bankın aktivləri 2,9 faiz azalaraq iyulun 1-ə 195 milyon 235.50 min manata düşüb.
Bakıvaxtı.az xəbər verir ki, nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 3,2 faiz azalaraq 27 milyon 338.26 min manat, banklar və digər maliyyə institutlarındakı depozitləri isə 10,1 faiz azalaraq 31 milyon 810.48 min manat təşkil edib.
Hesabat dövründə bankın müştərilərə verilmiş kreditlərinin həcmində də azalma müşahidə olunub. Xüsusilə də biznes kreditlərinin həcmi azalıb. Belə ki, müştərilərə verilmiş kreditlər 2,13 faiz azalaraq 133 milyon 269.50 min manata, biznes kreditlər isə 7,9 faiz azalaraq 57 milyon 566.20 min manata enib.
Əlavə olaraq "Bank Avrasiya" dövr ərzində balansında olan bir sıra əmlak və avadanlıqları da realizə edib. Bununla da əmlak və avadanlıqların dəyəri ötən ilin sonu ilə nisbətdə 4,5 faiz azalaraq 4 milyon 942.54 min manat təşkil edib.
Bankın öhdəliklərinə gəlincə, bu ilin ilk 6 ayında öhdəliklər 106 milyon 268.01 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 8,7 faiz və ya 10 milyon 64.98 min manat azalma deməkdir. Onu da bildirək ki, bankın öhdəliklərinin azalması əsasən depozitlərin həcminin 63,014.70 manatdan 53,377.09 manata qədər enməsi ilə bağlı olub. Bu da faiz ifadəsi ilə 15,3 faiz azalma deməkdir. Depozit həcminin azalması həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 6 milyon 697.04 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 2 milyon 940.56 min manat azalma baş verib.
Bundan başqa, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri ötən ilin sonundakı 126.64 min manatdan təxminən 46 dəfə azalaraq iyulun 1-ə 2.77 min manata düşüb.
Bankın ümidsiz kreditlərinin həcmi artaraq 17 milyon 364.21 min manat olub. Qeyd edək ki, cari ilin birinci rübündə ümidsiz kreditlərin məbləği 15 milyon 673 min manat idi. Ümidsiz kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 12 faizdən 13 faizə yüksəlib.
Qeyd edək ki, "Bank Avrasiya" ASC ötən ili də maliyyə çətinlikləri ilə başa vurub. Belə ki, həmin dövrdə bankın faiz gəlirləri 2023-cü ilin sonu ilə müqayisədə 15 milyon 34.351 min manatdan 14 milyon 21 min 218 manata, qeyri faiz gəlirləri isə 853 min 819 manatdan 141 min 365 manata düşüb. İlin sonuna mənfəət vergisindən əvvəlk mənfəəti 6 milyon 573 min 741 manatdan 3 milyon 986 min 412 manata, səhm üzrə mənfəəti isə 259.52 manatdan 158.19 manata enib.
Yeri gəlmişkən bildirək ki, "Bank Avrasiya" ASC-nin səhmdarları “Azbizneskom” MMC, “Top Properties” MMC, Rüstam Eynullayev, “Euro tandard” MMC və “PMD Group” MMC-dir.