"Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə Baş nazirin müavini Şahin Mustafayev deyib.
O qeyd edib ki, Azərbaycan həm İran, həm də Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
"Bu xüsusda, əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələrimiz bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeni məzmunla daha da zənginləşəcəkdir.
Dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini xüsusi qeyd etmək istərdim.
Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “3+3” mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır".