• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Berlin görüşü yeni dövr açır: Almaniya-Azərbaycan əməkdaşlığı genişlənir

SİYASƏT

22 Iyul 2026 | 14:54

Berlin görüşü yeni dövr açır: Almaniya-Azərbaycan əməkdaşlığı genişlənir

Ötən gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında görüş baş tutub. Görüş çərçivəsində iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Deputat Azər Badamov dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycan-Almaniya münasibətlərini Bakıvaxtı.az-a şərh edib.

Onun sözlərinə görə, görüş çərçivəsində tərəflər qarşılıqlı hörmətə, suverenlik və milli maraqların nəzərə alınmasına əsaslanan əməkdaşlığın gələcək inkişafı barədə ortaq mövqe nümayiş etdirdilər:

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ən mühüm nəticələrindən biri Almaniya Federal Kansleri Fridrix Mers ilə keçirilən yüksəksəviyyəli görüş və mətbuata birgə bəyanat oldu. Görüş zamanı tərəflər Azərbaycan-Almaniya münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirən "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"ni imzaladılar. Bu sənəd siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, logistika, elm, texnologiya, innovasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik, müdafiə sənayesi, təhsil və humanitar sahələrdə əməkdaşlığın yeni mexanizmlərlə inkişaf etdirilməsini nəzərdə tutur. Bu sənəd əslində Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli strateji yol xəritəsi kimi qiymətləndirilə bilər".

A.Badamov qeyd edib ki, mətbuata bəyanat zamanı Prezident İlham Əliyev Azərbaycanın Almaniya üçün etibarlı siyasi və iqtisadi tərəfdaş olduğunu bir daha vurğuladı:

"Dövlət başçısı bildirdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını davam etdirir və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Prezident eyni zamanda Orta Dəhlizin Avropa ilə Asiyanı birləşdirən ən perspektivli nəqliyyat marşrutlarından birinə çevrildiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi infrastruktur layihələrinin Almaniya üçün də yeni iqtisadi imkanlar açdığını vurğuladı. Kansler Fridrix Mers isə Almaniyanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, enerji, sənaye, logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini dəstəklədiyini bildirdi”.

Müsahibimizə görə, səfərin mühüm nəticələrindən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə əldə olunan razılaşmadır. Bu təşəbbüs iki ölkənin işgüzar dairələri arasında birbaşa əməkdaşlığın genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinin sürətlənməsinə və özəl sektorlar arasında institusional dialoqun gücləndirilməsinə xidmət edəcək. Xüsusilə sənaye, maşınqayırma, yaşıl enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, logistika və yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranır".

Azər Badamov, deputat

Deputat hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir:

"İmzalanmış Strateji Gündəlik, yaradılan Biznes Şurası və aparılan yüksək səviyyəli danışıqlar gələcək illərdə ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiyaların genişlənməsinə, innovasiya və sənaye əməkdaşlığının dərinləşməsinə, eyni zamanda ölkələrimiz arasında siyasi etimadın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.

“Bu səfər Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Almaniya ilə strateji tərəfdaşlığın uzunmüddətli inkişaf perspektivlərini də müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşəcək", - deyə Azər Badamov qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026