Beynəlxalq hüquqdan sui-istifadə halları aradan qaldırılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Bəxtiyar Əliyev parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, müzakirə olunan qanun layihələri dəstəklənməlidir və Azərbaycan beynəlxalq hüquq normalarına sadiq olan demokratik hüquqi dövlətdir. Deputatın sözlərinə görə, ölkə hər zaman beynəlxalq hüquq prinsiplərinə əməl edib və bu sahədə öhdəliklərinə loyaldır.
Bəxtiyar Əliyev qeyd edib ki, bəzi hallarda beynəlxalq hüquq normalarından sui-istifadə edilir və bu, xüsusilə cinayətkarlığa qarşı mübarizədə ikili standartların yaranmasına səbəb olur. O bildirib ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bəzi hallarda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmir.
Deputat vurğulayıb ki, Ermənistan işğalı dövründə minlərlə azərbaycanlının itkin düşdüyü və onların taleyi ilə bağlı hələ də məlumat olmadığı qalmaqdadır. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur və bu faktlar müvafiq qurumlar tərəfindən təsdiqlənir.
Bəxtiyar Əliyev əlavə edib ki, mina təhlükəsi nəticəsində yüzlərlə mülki şəxs həyatını itirib və bu, humanitar fəlakətə səbəb olub. O, həmçinin Azərbaycan tərəfindən humanitar yanaşma nümayiş etdirildiyini, lakin bəzi cinayətkar şəxslərin siyasi və ideoloji motivlərlə müdafiə olunduğunu iddia edib.
Deputat çıxışında keçmiş Ermənistan rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan adlarını da çəkib və onların məsuliyyət məsələsinin beynəlxalq hüquq çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.
Sonda o qeyd edib ki, qəbul olunan qanun layihələri həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də ədalətin təmin olunmasına xidmət etməlidir.
Əli Hüseynov
Bakı 




