• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Bəxtiyar Məmmədov: Problemlərdən biri sərnişinlərin metro qaydalarını bilməməsidir

CƏMİYYƏT

25 Iyun 2026 | 12:50

Bəxtiyar Məmmədov: Problemlərdən biri sərnişinlərin metro qaydalarını bilməməsidir

“Metroda ən böyük problemlərdən biri sərnişinlərin qaydaları bilməməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

Bəxtiyar Məmmədov bildirib ki, piyadaların yerüstü hərəkətdə qaydalara riayət səviyyəsi yeraltı nəqliyyatda da özünü göstərir. Onun sözlərinə görə, sərnişinlərin metro qaydalarını yetərincə bilməməsi, xüsusilə sağ-sol hərəkət prinsipinə əməl etməməsi ciddi problemlərə səbəb olur.

O qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi və həyatı Bakı Metropoliteni üçün prioritet məsələlərdən biridir.

Mətbuat katibi vurğulayıb ki, yeni tikilən metrostansiyalarda əlilliyi olan şəxslər və xüsusi qayğıya ehtiyacı olan digər vətəndaşlar üçün geniş təkmilləşdirmələr aparılır. Onun sözlərinə görə, eskalatorların və xüsusi təyinatlı pilləkənlərin quraşdırılmasında ən müasir texnologiyalardan istifadə edilir.

Bəxtiyar Məmmədov əlavə edib ki, hazırda 9 layihə üzərində iş aparılır. O bildirib ki, mövcud standartlar yenidən işlənməli, sovet dövründən qalan yanaşmalarla müasir tələblər arasındakı fərqlər nəzərə alınmalıdır.

Onun sözlərinə görə, şəhərin əsas problemlərindən biri də infrastruktur məsələsidir. Yeni layihələr hazırlanarkən sərnişin axını əvvəlcədən proqnozlaşdırılmalı və buna uyğun olaraq xətlərə vaqonların buraxılması planlaşdırılmalıdır.

B. Məmmədov qeyd edib ki, son qəbul edilən qərarlarda əsas prinsip dünya standartlarına uyğunlaşmaqdır. Bu məqsədlə həm metrostansiyaların, həm də vaqonların müasir tələblərə uyğun hazırlanması nəzərdə tutulur.

O, xüsusilə əlilliyi olan şəxslər üçün yeni metrostansiyalarda liftlərin quraşdırılmasının planlaşdırıldığını bildirib. Bununla belə, köhnə stansiyalarda bu imkanların yaradılmasının hər zaman mümkün olmadığını da diqqətə çatdırıb.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026