ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə keçirdiyi görüş bir daha göstərdi ki, Qərbdə siyasi liderlik ciddi böhran yaşayır.
Tramp sərt ritorikası, kompromisdən kənar şərtləri və özünəməxsus siyasi üslubu ilə görüşün gedişatına tam hakim idi. Avropa liderlərinin isə daha çox müdafiə mövqeyində, tərəddüdlü və passiv davranmaları diqqətdən yayınmadı. Onlar Trampın sərgilədiyi dominant mövqeyə qarşı çıxmaq gücündə olmadılar və sanki bir liderlə deyil, müəllimlə üz-üzə qalmış tələbə təsiri bağışladılar.
Bu mənzərəni Prezident İlham Əliyevin beynəlxalq görüşlərdəki iştirakı ilə müqayisə etdikdə fərq daha aydın görünür. İlham Əliyev Donald Tramp da daxil olmaqla böyük güclərin liderləri ilə görüşlərində həmişə bərabər tərəf kimi çıxış edib. Onun ritorikasında özünə inam, dövlət maraqlarını qətiyyətlə müdafiə etmək və siyasi iradə aydın hiss olunur. Əliyevin davranışında nə tərəddüd, nə də özünəinam çatışmazlığı var. Bu isə Azərbaycanın son illərdə qazandığı strateji mövqe, iqtisadi güc və müstəqil siyasət kursunun təbii nəticəsidir.
Avropalı liderlərin Tramp qarşısındakı zəifliyi əslində Qərbin siyasi böhranının, idarəetmədə güclü fiqurların çatışmazlığının göstəricisidir. Lakin Azərbaycanın nümunəsində biz görürük ki, hətta kiçik və orta güc hesab edilən ölkələr belə, əgər qətiyyətli və öz dövlət maraqlarını müdafiə edən liderə sahibdirsə, beynəlxalq müstəvidə böyük oyunçularla bərabər səviyyədə davranmağı bacarır.
Nəticə olaraq, Trampın Avropa liderləri ilə görüşü liderlik böhranını üzə çıxardı, amma eyni zamanda İlham Əliyev kimi liderlərin müasir beynəlxalq münasibətlərdə niyə fərqləndiyini və nüfuz qazandığını da açıq şəkildə nümayiş etdirdi.
Züriyə Qarayeva