Məqsədimiz Azərbaycan diasporunun birləşməsi olmalıdır və bu istiqamətdə də uğurla irəliləyirik. Ancaq, təəssüf ki, bəzən soydaşlarımızın diasporun birləşməsinə maneələr yaratdığını da müşahidə edirik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitənin sədri Fuad Muradov “Report”a müsahibəsində bildirib.
O qeyd edib ki, bu, əsasən, onların şəxsi maraqları ilə bağlıdır. Şəxsi məsələlərini diasporun mövqeyi kimi təqdim etməyə çalışırlar.
"2018-ci ildən başlayaraq heç bir kütləvi aksiyada təkcə Azərbaycan dilində çıxışlar edilməyib. Misal üçün deyə bilərəm ki, Niderlanddakı soydaşlarımızın əksəriyyəti Niderland dilini çox yaxşı bilirlər və iştirak etdikləri aksiyalarda, kütləvi tədbirlərdə yaşadıqları ölkənin dilindən səmərəli istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilirlər. Başqa ölkələrdən də bu cür misallar çəkmək, diasporun səmərəli fəaliyyətindən danışmaq mümkündür.
Ümumiyyətlə, diasporun bu günə kimi xarici ölkələrdə təşkil etdiyi aksiyalarda BMT-nin bütün rəsmi dillərində məlumatlar verilib. Bu faktlar yerli və xarici mediada, “YouTube” kanallarında geniş işıqlandırılıb.
Azərbaycan diasporunun güclü potensialı var və bu potensialdan səmərəli istifadə olunur. Yeri gəlmişkən xatırladım ki, 2019-cu ildə Brüsseldə, 2020-ci ildə isə Berlində Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Ümumamerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada Ümumavropa Qarabağ mitinqi keçirilib. Vaşinqtonda Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Ümumamerika Xocalı mitinqi təşkil olunub. Bu aksiyalarda ümumilikdə minlərlə soydaşımız, onlarla xarici jurnalist və tarixçi iştirak edib.
Ümumiyyətlə, çalışırıq ki, heç kim diaspor fəaliyyətindən kənarda qalmasın, xaricdəki Azərbaycan icmalarının üzvləri birlikdə daha səmərəli fəaliyyət göstərsinlər. Biz hamı üçün qapını açmışıq və deyirik ki, Komitənin yanaşması budur. Bir sıra təşkilatlar vardı ki, onlar bir qədər kənarda qalmışdılar. Onları dəvət etdik və gördük ki, bəziləri işləmək arzusunda deyillər. Öz işlərini görmək yerinə, şərt qoymağa çalışır, şəxsi maraqlarını işə qatırdılar.
Onu da əlavə edim ki, ilk illərdə biz tədbirlər keçirəndə erməni diasporu çalışırdı ki, bunların qarşısını alsın. Bu gün belə şeylər yoxdur. Çünki diasporumuz, həqiqətən də, güclənib", - Komitə sədri vurğulayıb.