Dekabrın 23-də Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə Baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib. Yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.
İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.
Baş prokuror Kamran Əliyev yeni inzibati binanın açılışı münasibətilə Prezident İlham Əliyevə prokurorluq əməkdaşları adından təşəkkürünü bildirib. Qeyd olunub ki, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.
Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib. Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.
Tədbirdə, həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Binəqədi rayon prokuroru Fuad Məmmədov çıxış edib.
Bundan başqa, tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.
Bakı 












