"Ötən bu bir il mənim həyatımın ən çətin və dözülməz bir dövrü oldu. Hadisənin baş verdiyini öyrəndiyim zaman bunu qəbul etmək, başa düşmək çox ağrılı oldu. Amma zaman keçdikcə dərk edirsən ki, gedənlər artıq sənin həyatında olmayacaqlar. Başa düşürəm ki, o, bir daha zəng vurmayacaq, “ana, mən artıq çatmışam, evdəyəm” deməyəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova Baku TV-yə deyib. O, hələ də oğlunun yoxluğuna inana bilmədiyini söyləyib:
“Düşünürəm ki, insanlar “zaman sağaldır” dedikdə düz demirlər. Bu belə deyil. Gün keçdikcə daha ağrılı olur. Elə bilirəm ki, mənə nə isə olur və bütün bunlar sabah bitəcək. Bunların real olduğuna inanmaq istəmirəm. Elə bilirəm, oğlum gələcək. Mən düşünürdüm ki, onu həyatda baş verə biləcək istənilən çətinliklərdən xilas edə biləcəyəm. Amma bu dəfə bacarmadım, onu xilas edə bilmədim”. Yelena Kalyaninova qeyd edib ki, heç vaxt ağlına gəlməzdi ki, belə bir hadisə baş verə bilər: “Çünki avtomobil qəzasında daha çox insan həlak olur, nəinki təyyarə qəzasında. Təyyarə qəzası çox az baş verən bir hadisədir. Düşünə bilməzdim ki, sərnişin təyyarəsini vura bilərlər”.
Bakı 




