• Bakı 21° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Qəbələdən dünyaya mesaj: TDT və regional sülhün yol xəritəsi

SİYASƏT

08 Oktyabr 2025 | 12:11

Qəbələdən dünyaya mesaj: TDT və regional sülhün yol xəritəsi

Bütün dünyada geosiyasi mənzərə sürətlə dəyişir və regional təhlükəsizlik məsələləri getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Son illərdə baş verən münaqişələr, sərhəd insidentləri, terror aktları və qeyri-ənənəvi təhlükələr dövlətlərin yalnız öz daxilində deyil, qonşu ölkələrlə strateji koordinasiya qurmasını zəruri edir.

Belə bir mühitdə dövlətlər üçün qarşılıqlı etimadın gücləndirilməsi, birgə təhlükəsizlik mexanizmlərinin yaradılması və regional münaqişələrin sülh yolu ilə həllinə dəstək verilməsi prioritet məsələdir.

Türk Dövlətləri Təşkilatı (TDT) məhz bu ehtiyacları nəzərə alaraq regionda sülhün və sabitliyin təmin olunmasında əsas platforma kimi çıxış edir. Təşkilatın üzv dövlətləri ortaq təhlükəsizlik problemlərini dərin əməkdaşlıq çərçivəsində həll etməyə çalışırlar. Bunlar sırasında terrorizm, sərhəd nəzarətinin gücləndirilməsi, insan və narkotik qaçaqmalçılığı ilə mübarizə, həmçinin regional münaqişələrin sülh yolu ilə tənzimlənməsi kimi prioritet məsələlər var.

Türk Dövlətləri Təşkilatı  regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində necə rol oynayır və üzv ölkələr arasında strateji koordinasiyanı necə gücləndirə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, TDT-nin son sammiti xüsusi əhəmiyyət daşıyır. Dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətlərinin birliyi və koordinasiyası olduqca vacib məsələdir. Sammitin məhz Azərbaycanda keçirilməsi də simvolik xarakter daşıyır. Bu, həm Azərbaycanın türk dünyasında mərkəzi mövqeyini göstərir, həm də Qəbələdən keçən İpək Yolu xətti ilə bir tarixi-bəşəri mesaj ötürür:

"Artıq TDT çərçivəsində “yumşaq güc” mərhələsindən daha ciddi və praktiki əməkdaşlıq istiqamətlərinə keçid müşahidə olunur. Müdafiə, daxili işlər və fövqəladə hallar nazirlikləri səviyyəsində keçirilən təlimlər və koordinasiyalı fəaliyyət regionda sabitliyin möhkəmlənməsinə xidmət edir".

Onun sözlərinə görə, TDT nə qədər güclənsə, regionda sülhün bərqərar olması da Ermənistanın güclənməsinə gətirib çıxaracaq. Çünki, Ermənistan Zəngəzur dəhlizindən yalnız quru və dəmir yolu daşımaları baxımından deyil, həm də buradan keçəcək enerji kəmərləri və digər kommunikasiya xətləri vasitəsilə ciddi iqtisadi fayda əldə edə bilər. Burada söhbət həm Azərbaycanın qərb rayonlarını, həm də digər istiqamətlərdəki kommunikasiya əlaqələrini əhatə edən layihələrdən gedir ki, bunlar vaxtilə SSRİ dövründə də mövcud idi:

"Ermənistan Türkiyədən qorxmamalıdır. Əgər onların konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ləğv edilsə, bu, ilk növbədə, Ermənistanın öz xeyrinə olacaq. Buna görə də İrəvan rəhbərliyi öz vətəndaşlarını qıcıqlandıracaq məqamları aradan qaldırmalı, reallığa uyğun addımlar atmalıdır".

Qəbələ

Arzu Nağıyev: Dəhlizin açılması və praktiki addımların atılması, ilk növbədə ermənilərin maraqlarına cavab verir

Milli Məclisin üzvü Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. Həmsöhbətimiz diqqətə çatdırıb ki, əgər bu layihəyə ABŞ səviyyəsində dəstək və zəmanət verilibsə, orada çəkiniləcək heç nə yoxdur:

"Dəhlizin açılması və praktiki addımların atılması, əslində, ilk növbədə ermənilərin maraqlarına cavab verir. İranın əvvəlki narahatlıqları da artıq aktuallığını itirir. Azərbaycanın həm daxili, həm də xarici siyasəti müstəqil istiqamətdə formalaşır və bu da regionda sabitlik üçün mühüm zəmin yaradır.TDT çərçivəsində keçirilən liderlər toplantılarında əsasən iqtisadi və siyasi məsələlər müzakirə olunur. Cinayətkarlıqla mübarizə, hərbi təlimlər, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq dərinləşir".

Sonda Arzu Nağıyev diqqətə çatdırıb ki, ən mühüm məqamlardan biri də TDT-yə yeni müşahidəçi dövlətlərin qoşulması perspektividir. Bu, təşkilatın beynəlxalq nüfuzunun artdığını göstərir. Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində də bu koordinasiya öz təsdiqini tapdı:

"Avropa İttifaqına üzv olan Macarıstanın TDT iclaslarında fəal iştirakı isə qurumun Avropaya inteqrasiyasının bariz sübutudur. Xarici işlər nazirlərinin və dövlət başçılarının görüşləri bu ümumi sinxron fəaliyyətin təzahürüdür. Nəticə etibarilə, TDT nə qədər inkişaf edib birləşsə, bir o qədər də regionda təhlükəsizlik möhkəmlənəcək, iqtisadi və siyasi problemlərin həlli istiqamətində real nəticələr əldə olunacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Oktyabr 2025