"Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əzəli torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Uğurla həyata keçirilən Böyük Qayıdış proqramı 30 ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz qayıdışına və pozulmuş fundamental hüquqlarının bərpa edilməsinə xidmət etməkdədir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ”Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanunu layihəsinin müzakirəsinə dair çıxışında deyib.
O qeyd edib ki, ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət, habelə onun rəhbərliyi ilə insan hüquqları sahəsində həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar insan hüquqlarına verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi nümayiş etdirir:
"Qeyd olunan tədbirlər demokratik prinsiplərin möhkəmlənməsinə, vətəndaşların layiqli həyat səviyyəsinin və nəticə etibarilə insan hüquqlarının effektiv təmininə xidmət etməkdədir.
İnsan hüquqlarının qorunması sahəsində dövlət qurumlarının fəaliyyətinin, habelə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi olduqca zəruridir. Belə ki, Ombudsmanın həyata keçirdiyi fəaliyyət zamanı, xüsusilə də müraciətlərin araşdırılması və təhlili prosesində narahatlıq yaradan bəzi məsələlərin gələn ilin dövlət büdcəsində nəzərdə tutulmasına ehtiyac olduğu müəyyən edilmişdir. Bu problemlərin həlli ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində aparılan hüquqi islahatlara dəstək verməklə yanaşı, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına da mühüm töhfə verə bilər.
Beləliklə, zəruri maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu insan hüquqlarının təmini ilə bağlı aşağıdakı problemlərə diqqəti yönəldərək bildirmək istərdim ki:
- yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə digər ölkələrin müsbət təcrübələri (məsələn, Türkiyə təcrübəsi) nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatının gücləndirilməsi;
- xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması;
- ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadənin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi;
- orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması olduqca zəruridir.
Qeyd olunan təkliflərlə yanaşı:
- “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2009-cu il tarixli Qərarı” ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsinə;
- “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılmasına (hazırda, hər iş saatı üçün 35 qəpik müəyyən edilib);
- borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrasının təmin edilməsi və borcun ödənilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulmasına;
- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına da ehtiyac vardır".
Səbinə Əliyeva qeyd edib ki, son dövrlərdə Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərə əsəsən Müvəkkilə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları və Uşaq hüquqları haqqında Konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının verilməsini, həmçinin dövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac vardır:
"Ümid edirəm ki, qeyd olunan təkliflər ölkə üzrə müəyyən edilmiş prioritetlər, maliyyə durumu və büdcənin vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcəkdir".
Bakı 



