Özünə hörməti aşağı olan insanlar üçün hətta kiçik bir səhv belə ağır emosional zərbə ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu psixoloq və ruhi sağlamlıq üzrə mütəxəssis Yuliya Buzınnikova "News.ru" saytına açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bu davranışın kökləri insanın uşaqlıq dövrünə gedib çıxa bilər. Belə insanlar valideynlərinin səhvlərini etiraf etmədiyi mühitdə böyüyə və öz səhvlərini qəbul etmək əvəzinə müdafiəyə keçməyi, zarafat etməyi və ya günahı başqalarının üzərinə atmağı öyrənə bilərlər.
Psixoloq qeyd edib ki, belə insanlardan üzr istəməyi israrla tələb etmək onların daha da qapanmasına səbəb olur. Kənardan laqeydlik kimi görünən bu davranış əslində utanc, nüfuzunu itirmək qorxusu və üzr istəməyi məğlubiyyət kimi qəbul etməklə bağlı ola bilər.
Buzınnikovanın fikrincə, özünə hörməti kövrək olan insanlar kiçik səhvləri belə şəxsiyyətlərinə və nüfuzlarına zərbə kimi qəbul edirlər. Bu zaman vəziyyəti dəyərləndirməyə imkan tapmamış müdafiə mexanizmləri işə düşür.
Mütəxəssis daha bir problemin günahkarlıq hissi ilə məsuliyyətin qarışdırılması olduğunu vurğulayıb. Belə insanlar üzr istəməyi baş verənlərə görə özlərini tamamilə günahkar hesab etmək kimi qəbul edə bilərlər.
Murad İsmayıl
















