Polis Akademiyasında kursantların peşə hazırlığının artırılması və nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi məqsədilə müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə mühazirələr təşkil olunur.
Bakıvaxtı.az xəbər verir ki, təcrübəyönümlü tədris metodikasının tətbiqi çərçivəsində keçirilən interaktiv dərslərdə tarix, filologiya, hüquq, məhkəmə ekspertizası və insan hüquqları sahələri üzrə tanınmış mütəxəssislər çıxış ediblər.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Naibə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərəh Niftəliyeva “Ədəbi dilin formalaşması və ədəbi dil normaları” mövzularında mühazirə oxuyublar.
Bundan əlavə, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev “Xüsusi icraat”, məhkəmə ekspertizası üzrə mütəxəssis Mətanət Muradova “Məhkəmə-xətşünaslıq və məhkəmə-müəllifşünaslıq ekspertizası”, vəkil Ruslan Vəliyev isə “Şəxsi qeyri-əmlak hüquqları və onların mülki-hüquqi müdafiəsi” mövzularında çıxış ediblər.
Mühazirələrdə, həmçinin normativ hüquqi aktlar, sənədlərin məhkəmə-texniki, fototexniki və portret ekspertizaları, eləcə də beynəlxalq insan hüquqları hüququ ilə bağlı məsələlər əhatə olunub. Bu mövzularda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin şöbə müdiri Nurani Rüstəmli, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Samir Qədirov və Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Heydər Əliyev çıxış ediblər.
Mühazirələr zamanı nəzəri müddəalar real təcrübədən götürülmüş nümunələrlə izah olunub, kursantların sualları cavablandırılıb. Eyni zamanda, gələcək polis əməkdaşlarının xidməti fəaliyyətində mühüm əhəmiyyət daşıyan peşəkar bilik və bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu cür təcrübəyönümlü dərslər kursantların peşə hazırlığının gücləndirilməsi, hüquqi biliklərinin genişləndirilməsi və gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı olmaları baxımından əhəmiyyət daşıyır.





















