ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun iki əsrdən artıq müddət ərzində çərçivədə saxlanılan saç teli hərracda 4 min dollara satılıb.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 22-də "Richmond Auctions" hərrac evi məlumat yayıb.
Hərrac təşkilatçılarının məlumatına görə, nadir əşya əvvəlcə 1799-cu ildə, siyasətçinin ölümündən bir qədər əvvəl Vaşinqtonu evində qəbul etmiş Con Gedsbiyə məxsus olub.
Gedsbinin nəvəsi Culiya Ten-Eyk Makbleyr 1928-ci ildə tərtib etdiyi sənəddə keçmiş prezidentin saç telinin ailə üzvünə prezidentin həyatının son günlərindəki dostluq və ünsiyyətləri sayəsində çatdığını qeyd edib.
Daha sonra saç telini kolleksiyaçı Con K.Latimer Gedsbinin nəslindən olan şəxslərdən alıb. Sonuncu hərracda lotu əldə edən şəxsin kimliyi açıqlanmayıb.
Hazırda ABŞ-nin keçmiş prezidentinin bir neçə saç teli qorunub saxlanılır. Onlardan ən azı 50 nümunə Vaşinqtonun keçmiş iqamətgahı olan Maunt-Vernonun kolleksiyasında yerləşir.

















