“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.
Peşəkar Futbol Liqasından Bakıvaxtı.az-a verilən məlumata görə, onun yubileyi Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”la ev matçına təsadüf edib. 29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.
Debütü 2015/2016-cı illər mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.
Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.
“Zirə”nin futbolçusu Davit Volkov isə komandasının heyətində 50-ci qolunu vurub. Gürcüstanlı hücumçu XII turun “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.
Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klub tarixinin ən yaxşı bombardiridir.
















