• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Biz Göyçəyə Qarabağdan qayıdacağıq” – Zahid Oruc

SİYASƏT

06 Noyabr 2023 | 10:51 | Müəllif: Qalib İbrahimoğlu

“Biz Göyçəyə Qarabağdan qayıdacağıq” – Zahid Oruc

“Maddi-mədəni irsi qorumağa borclu olan UNESCO Yeliseyin xarici siyasət silahına çevrilib. Ermənistanda yox, Qarabağda maddi-mədəni irsi peyk görüntüsü ilə müəyyənləşdirən Fransa mədəniyyət naziri bəyan edir ki, ermənilərə məxsus 5200 obyekti müəyyənləşdiriblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlara maddi-mədəni irsimiz” kitabının təqdimatı ilə bağlı konfransda deyib.

Onun sözlərinə görə, göründüyü kimi, Zəfərimizin Xankəndi zirvəsindən sonra xristian irsini qorumaq adı altında Azərbaycana xarici müdaxiləni beynəlxalq gündəmdə saxlamağa çalışırlar: “Yeri gəlmişkən, nazir Annalena Berbök 3 gün əvvəl İrəvana səfərdə bəyan edib ki, Almaniya Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Təsəvvür edirsiniz, düz 105 il əvvəl də ingilis orduları İrəvana gəlmişdi. Nəticəsi sizə bəllidir”.

“Tarix təkrar olunur” deyən Z.Oruc qeyd edib ki, bir vaxtlar vahid səngərdə erməni-rus-azərbaycanlı-faşizmə qarşı savaşanlar indi erməni-alman orduları ilə üzə-üzə qalacaqlar. Ona görə də ən mühüm vəzifə təkcə elitanı deyil, hər bir azərbaycanlını böyük tarixi ideallara hazırlamaqdır.

Son iki yüz ildə ən azı 7 dəfə fərdi və milli sərvətlərimiz yağmalanıb: “Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Fransa siyasi kapital hesab edilir. Lakin Azərbaycan dövləti heç zaman indiki qədər Ermənistandan güclü olmayıb. Əziz dostlar, “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır”. Qarabag konflikti İrəvandan başlandı, orada da bitəcək”.

Z.Oruc bildirib ki, Berlin divarının çökdüyü kimi Bakı və İrəvanın mədəni, mənəvi, iqtisadi, ticarət bağları bərpa olunacaq, beyinlərə çəkilən sədd aradan qalxacaq. Onun sözlərinə görə, o üzdən fikir adamlarımız Bakı və İrəvanı düşmən termin kimi işlətməsələr, siyasi mübarizəmizə daha böyük töhfə olar”.

Deputat qeyd edib ki, Xankəndidə məskunlaşmış erməni əhalinin geri qaytması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı? “Nəhayət, sonda dünya düzəni, daha doğrusu xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır. Hər bir azərbaycanlı deyir: Biz bir daha köçkün düşməyəcəyik! Biz bir daha qaçqına çevrilməyəcəyik! Biz bir daha işğala və torpaq itkisinə məruz qalmayacağıq! Qələbəmiz davamlı və əbədi olacaq!”, - deyə Zahid Oruc vurğulayıb.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026