• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

BMW ilə piyadanı vurub öldürən DYP əməkdaşına HÖKM OXUNDU

HADİSƏ

17 Sentyabr 2024 | 15:54

BMW ilə piyadanı vurub öldürən DYP əməkdaşına HÖKM OXUNDU

Abşeron rayonu Novxanı kəndi ərazisində xidməti avtomobillə piyadanı vurub öldürmüş DYP əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İidarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının operatoru vəzifəsində çalışan polis serjantı Z.Abbasov BMW markalı avtomobillə E.Cəfərovu vurub. O, dərhal yaralı halda olan piyadanı Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, E.Cəfərov vəfat edib.

Faktla bağlı 1985-ci il təvəllüdlü Z.Abbasova cinayət işi açılıb. O bu ilin mart ayında polis sıralarından kənarlaşdırılıb və işdən çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, DYP avtomobilinin vurub öldürdüyü kişi 3-cü qrup əlildir və Sumqayıt şəhərində yerləşən Əmanətlərin Sığortalanması Fonduna aid sahədə bağban işləyirmiş. Onun ailəsi hadisəni törədən şəxsdən şikayətçi olmayıb və maddi yardımdan imtina edib. Buna baxmayaraq DYP əməkdaşı zərərçəkmişin ailəsinə 10 min manat maddi dəstək olub.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı avtomobili saatda 60 kilometr sürətlə idarə edirmiş. Həmin vaxt zəng gəldiyindən fikri bir anlıq yayınıb və yola çıxan piyadanı avtomobilin ön hissəsi ilə vurub.

Abşeron rayon Məhkəməsi Z.Abbasovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. O, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qeyd edilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

18 Sentyabr 2024