• Bakı 27° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

"Böyük İsrail" planının qarşısını kim kəsir? - Ərəb ölkələrinin PƏRDƏARXASI OYUNU

SİYASƏT

14 Avqust 2026 | 10:45

Böyük İsrail planının qarşısını kim kəsir? - Ərəb ölkələrinin PƏRDƏARXASI OYUNU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşü zamanı ölkəsinin Fələstin məsələsini hər bir platformada mümkün olan ən güclü şəkildə müdafiə etməyə davam edəcəyini bəyan edib. O, 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması üçün qətiyyətlə çalışacaqlarını vurğulayıb.

Türkiyənin bu dəyişməz mövqeyinin Ankara-Təl-Əviv münasibətlərinə təsiri və İsrail-Fələstin münaqişəsinin gələcək həlli perspektivləri ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, İsrail-Fələstin münaqişəsi artıq təxminən bir əsrə yaxındır ki, xroniki düyünə çevrilib.

Onun sözlərinə görə, münaqişənin həllinə nail olmaq istəyən qüvvələrlə yanaşı, onun uzanmasında maraqlı olan tərəflər də var:

“Keçmiş Qarabağ münaqişəsi təcrübəsindən və digər konfliktlərdən də görmüşük ki, əgər bir problem tərəflər arasında dialoq yolu ilə həll olunmursa və ya həllinə çalışılmırsa, kənar qüvvələr prosesə müdaxilə edirsə, münaqişə daha da mürəkkəbləşir və uzanır. Əslində, BMT Təhlükəsizlik Şurasının iki dövlət prinsipi əsasında 1947-ci ildə qəbul etdiyi qətnamə var. Ondan sonra İsrail dövləti yaransa da, Fələstin dövlətinin müstəqilliyi tanınmayıb. Məhz buna görə də qanlı qarşıdurmalar davam edir. Bu gün Qəzzada və İordaniyanın Qərb sahilində baş verənlər beynəlxalq hüququn işləmədiyini, BMT-nin proseslərə təsir göstərə bilmədiyini və ayrı-ayrı dövlətlərdən asılı bir təsisata çevrildiyini göstərir. Belə bir vəziyyətdə münaqişənin yaxın vaxtlarda həll olunacağını gözləmək sadəlövlük olardı”.

Politoloq Türkiyə-İsrail münasibətlərinə və Ankaranın mövqeyinə də toxunub. Dediyinə görə, Türkiyənin bu məsələdəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə tam uyğundur. Müsahibimiz bildirib ki, Ankaranın edə biləcəyi addımlar bu bəyanatları vermək və humanitar yardımlar göstərməkdən ibarətdir:

"Çünki bu, tək bir dövlətin həll edə biləcəyi məsələ deyil. ABŞ bu günə qədər neytral və ya ədalətli mövqe sərgiləməyib. Türkiyə bu məsələyə görə İsraillə müharibə aparan deyil, baxmayaraq ki, aralarındakı münasibətlər kifayət qədər gərgindir və yaxın gələcəkdə normallaşma real görünmür. Türkiyənin güc yolu ilə Fələstin dövlətinin yaradılmasına nail olması mümkün deyil, ümumiyyətlə bu münaqişənin güc yolu ilə həlli real deyil”.

Xəyal Bəşirov: Bu gün dünyada ədalət və beynəlxalq hüquq işləmir 

X.Bəşirov qeyd edib ki, İsrail tərəfi nə qədər müharibə aparsa da, istədiyinə nail ola bilməyib:

“Çünki müharibə fələstinlilərin öz iddialarından və dövlət qurmaq istəyindən əl çəkməsinə gətirib çıxarmır. Bütün bombardmanlara, ölüm və dağıntılara baxmayaraq, insanlar həmin əraziləri tərk etmirlər. Digər tərəfdən, pərdəarxası məqamlar da var. Bəzi ərəb ölkələri fələstinlilərin oradan çıxmamasına dəstək verirlər. Çünki anlayırlar ki, İsrail Qəzzanı öz istəyinə uyğun həll etsə, "Böyük İsrail" planına əsasən növbəti mərhələdə onların ərazilərinə müdaxilə olunacaq. Ona görə də İsrailin diqqətinin orada qarışmasında maraqlıdurlar".

Həmsöhbətimizə görə, nəticədə münaqişə həllolunmaz məcraya yönəlir. Bu gün dünyada ədalət və beynəlxalq hüquq işləmir:

"Biz bunu Rusiya-Ukrayna müharibəsində də, Yaxın Şərqdə də, vaxtilə Cənubi Qafqazda Azərbaycana münasibətdə də görmüşük. Çıxış yolu yalnız dünya birliyinin, xüsusilə ABŞ və Qərb ölkələrinin beynəlxalq hüquqdan yana olub tərəfləri masa arxasına əyləşdirməsidir. Necə ki 1993-cü ildə Kemp-Deviddə İshaq Rabin və Fələstin rəhbərliyi saziş imzalamışdı. Lakin sonradan İshaq Rabinin bir yəhudi tərəfindən öldürülməsi göstərdi ki, müəyyən qüvvələr problemin həllini deyil, münaqişənin davam etməsini istəyirlər”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026