Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın ölkəsinin daxili işlərinə qarışmasına etiraz edib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Silva Trampın Braziliya hakimiyyətini çevrilişə cəhddə ittiham olunan keçmiş prezident Jair Bolsonaronun təqibini dayandırmağa çağırmasından sonra ölkəsinin daxili işlərinə xarici müdaxiləni pisləyib.
"Braziliya demokratiyasının müdafiəsi braziliyalıları maraqlandıran məsələdir. Biz suveren ölkəyik, heç kimin müdaxiləsini və qəyyumluğunu qəbul etmirik. Bizim güclü və müstəqil institutlarımız var. Heç kim qanundan, xüsusən də azadlığı və qanunun aliliyini təhdid edənlərdən üstün deyil", - Braziliya prezidenti qeyd edib.
Xatırladaq ki, 2019-2022-ci illərdə Braziliyanın prezidenti olmuş J.Bolsonaro 2022-ci il prezident seçkilərində uduzduqdan sonra hakimiyyəti zorla saxlamağa cəhd etməkdə ittiham olunur.
Gülşən Şərif