• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Brüssel görüşü: Bu dəfə sülh sazişi ilə bağlı müəyyən irəliləyişlər ola bilər

SİYASƏT

23 May 2022 | 12:37

Brüssel görüşü: Bu dəfə sülh sazişi ilə bağlı müəyyən irəliləyişlər ola bilər

Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş baş tutub. Qeyd edək ki, Brüsseldəki sonuncu üçtərəfli görüş aprel ayının 6-da baş tutmuşdu. Görüş zamanı Ermənistan tərəfi sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması istiqamətində razılığa gəlmişdi. Lakin aprelin 29-na təyin edilmiş görüşü Ermənistan tərəfi ləğv etdi. Maraqlıdır, bəs sonuncu Brüssel görüşü nəticə verəcəkmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Kamran Bayramov Bakıvaxtı.az-a bildirib ki, görüş zamanı həm siyasi, həm də humanitar məsələlər nəzərdən keçirilib:

“Bu formatda artıq Brüsseldə keçirilən üçüncü görüş baş tutdu. Yenə görüş çox uzun - 5 saat çəkdi, bir çox məsələlər müzakirə olundu. Görüşün təfərrüatları ilə bağlı Avropa İttifaqının Prezidenti Şarl Mişel çıxış edib. Onun bildirdiyi kimi, görüş səmimi və məhsuldar keçib. Görüş zamanı həm siyasi, həm də humanitar məsələlər nəzərdən keçirilib".

Deputatın sözlərinə görə, ümumiyyətlə, Azərbaycan hər zaman sülh sazişinin imzalanması ilə bağlı niyyətini bildirib, hazırlıqlar görüb, təkliflər verib, təşəbbüslərlə çıxış edib. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəzərindən bu görüşlər baş tutmayıb: "Mən düşünürəm ki, sonuncu Brüssel görüşündə də bu məsələlərə toxunulub. Heç də təsadüfi deyil ki, budəfəki görüşdə bütün məsələlər - həm sərhəd, həm kommunikasiyaların açılması, sülh sazişinin imzalanması, sosial-iqtisadi inkişaf məsələləri nüzakirə olunub”.

K.Bayramov hesab edir ki, bu dəfə sülh sazişi ilə bağlı müəyyən irəliləyişlər ola bilər: “Çünki artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları olur. Bu dəfə də görüşdə sülh müqaviləsinin üzərində iş aparılması və davam etdirilməsi üçün xarici işlər nazirlərinə tapşırıqlar verilib. Düşünürəm ki, bu, yaxşı bir haldır. Eyni zamanda, Şarl Mişelin bəyanatından da görünür ki, danışıqlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan öz mövqeyindən geri çəkilməyib. Danışıqların aparılması Azərbaycanın baza təklifləri əsasında baş tutub. Burada Ermənistanın iddia etdiyi və çalışdığı “status” məsələsinə toxunulmadı, Şarl Mişelin bəyanatında da öz əksini tapmadı. Düşünürəm ki, bu, Azərbaycanın növbəti diplomatik uğurudur. Sadəcə olaraq, biz nəticəni gözləməliyik. Eyni zamanda, sosial-iqtisadi inkişaf istiqamətində Avropa İttifaqının dəstəyi də olacaq. İqtisadi məşvərət qrupunun işə salınması və iqtisadi inkişafın təşviq edilməsi üzrə müvafiq işlər görüləcək. Təbii ki, Qarabağın bərpası ilə bağlı Avropa İttifaqının dəstəyi Azərbaycan üçün vacibdir”.

Onun sözlərinə görə, Ermənistan tərəfi daim Qarabağ ərazisində yaşayan əhalinin statusu ilə bağlı məsələlər qaldırsa da, artıq Azərbaycan açıq-aşkar öz mövqeyini bildirib və çox güman elə bu görüşdə də çatdırıb. Deputata görə, elə bunun nəticəsidir ki, bu məsələ Şarl Mişelin bəyanatında öz əksini tapmayıb.

Əhalinin təhlükəsizlik məsələsinə gəlincə, K.Bayramovun dediyinə görə, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Azərbaycan dövlətinin tərkibində yaşayan etnik erməni əhalisinin hüquqları qorunacaq, azərbaycanlılar kimi eyni hüquqlara malik olacaq və təhlükəsizliyi də təmin olunacaq. Lakin qarşı tərəf bununla razılaşmaq istəmir, status məsələsini qabartmaq istəyir.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Aprel 2024