Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, müraciət müəllifi Yeni Salyan yolu ünvanında "6 nömrəli Bakı Peşə Məktəbi dayanacağı”nın "Jurnalistlər binası" adlandırılmasını xahiş edib.
Müraciətdə bildirilir ki, həmin ərazidə yerləşən çoxmənzilli yaşayış kompleksində uzun illərdir müxtəlif media qurumlarında çalışan, ölkə mətbuatının inkişafında xidmətləri olan 400-ə yaxın jurnalist ailəsi yaşayır. Bu səbəbdən, yerli sakinlər və ictimaiyyət arasında həmin bina və ətraf ərazi “Jurnalistlər binası” kimi tanınır.
“Məlumdur ki, nəqliyyat infrastrukturunda dayanacaqların adlandırılmasında əhalinin gündəlik istifadəsində olan adların, ərazinin sosial və funksional xüsusiyyətləri nəzərə alınır. Bunu nəzərə alaraq, Yeni Salyan yolu ünvanında 6 nömrəli Bakı Peşə Məktəbi dayanacağının rəsmi adının “Jurnalistlər binası” kimi dəyişdirilməsini xahiş edirəm”.
Q.İbrahimoğlu qeyd edib ki, bu təşəbbüs, eyni zamanda, Azərbaycan Milli Mətbuatının 150 illiyinə bir rəmzi töhfə kimi də dəyərləndirilə bilər:
“Peşəkar jurnalistlərin yaşadığı bu ərazinin adla qeyd olunması həm ictimai əhəmiyyət daşıyar, həm də media nümayəndələrinin fəaliyyətinə cəmiyyət səviyyəsində verilən dəyərin ifadəsi olar”.
Qalib İbrahimoğlu AYNA rəhbərliyindən bütün bunların nəzərə alınaraq müvafiq addımların atılmasını və dayanacaq adının “Jurnalistlər binası” kimi rəsmiləşdirilməsini, eyni zamanda avtobuslardakı lövhələrdə də bunun qeyd olunmasını xahiş edib.
Əli Hüseynov