• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu gedişlə regionda uzun müddət sülh olmayacaq: Ermənistanı silahlandıranların məqsədi bəllidir

SİYASƏT

23 Fevral 2024 | 15:48

Bu gedişlə regionda uzun müddət sülh olmayacaq: Ermənistanı silahlandıranların məqsədi bəllidir

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir. Bundan öncə fransalı nazir çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır: "Tarixdə ilk dəfədir ki, Fransa müdafiə naziri Ermənistana gedir. İrəvan hazırda ciddi təhlükəsizlik problemləri, həmçinin Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzə qalıb. Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır. Burada söhbət sırf müdafiə məqsədləri üçün yer-hava müdafiə texnikası və zirehli maşınlardan gedir".

Lekornu bildirib ki, Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır: "Ermənistana yaxın, orta və uzun mənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq".

Fransalı nazir Ermənistana hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamayıb: "Cənubi Qafqazda həm əhalinin, həm də sərhədlərin qorunması prioritetdir".

Qeyd edək ki, Lekornunun səfəri iki gün davam edəcək.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Bakıvaxtı.az-a deyib ki, Fransa 44 günlük müharibədən sonra Ermənistana həm siyasi-iqtisadi, həm də hərbi və mənəvi cəhətdən dəstək verir.

Ekspert vurğulayıb ki, Paris ermənilərə dəstək verməsini gizlətmir və açıq bəyan edir:

"Ermənistanın hansı dövlətlərin tapşırığı ilə oturub-durduğu aydındır. Parisdə prezident Emmanuel Makronla baş nazir Nikol Paşinyanın görüşündə bəyan edilmişdi ki, Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib. Ermənilərə indiki şəraitdə silah verilməsinin səbəbi bölgədə durumu gərginləşdirmək, aranı qarışdırmaq cəhdidir. Bunlar təhrikedici addımlardır. "Müdafiə təyinatlı" silahların verilməsi məsələsi vəziyyəti gizlətmək üçün ortaya atılıb. Ermənilərə silah verilməsində yaxşı məqsəd ola bilməz. Bunlar Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına mane olur. Bu gedişlə regionda uzun müddət sülh və əməkdaşlıq olmayacaq".

Ü.Cəfərov bildirib ki, Ermənistanı təkcə Fransa yox, Hindistan, Yunanıstan, Rusiya, İran da silahlandırır:

"Onların məqsədi odur ki, Cənubi Qafqazda stabillik yaranmasın. Bunu başa düşməliyik. Düzdür, Azərbaycan XİN, o cümlədən Qərbi Azərbaycan İcması bu cəhdlərə cavab verib. Amma Fransa da öz işində, mövqeyindədir”.

Üzeyir Cəfərov: Ermənistanın hansı dövlətlərin tapşırığı ilə oturub-durduğu aydındır

Onun sözlərinə görə, həm də onu görürük ki, 30 il ərzində Minsk qrupu keçmiş Qarabağ münaqişəsini niyə həll etməyb?! Həmsədr Fransa münaqişənin həllində maraqlı olmayıb:

“Əksinə bu ölkələr məqsədyönlü şəkildə bölgədə vəziyyəti gərginləşdirməkdə hər zaman maraqlı olublar. Öz merkantil maraqlarından çıxış ediblər və öz hikkələrini həyata keçiriblər. Baş verənlər gözümüzün qarşısındadır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024