• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Terror aktını kim törədib: Rusiya, ABŞ, yoxsa...

SİYASƏT

23 Mart 2024 | 16:45

Terror aktını kim törədib: Rusiya, ABŞ, yoxsa...

“Crocus City Hall”da baş verən terror aktından sonra sosial şəbəkələr, o cümlədən bir sıra konspiroloqlar bu işin arxasında ABŞ-nin olmasını iddia etdilər. Bundan əlavə, sabiq ABŞ prezidenti Donald Trampın İŞİD-lə bağlı söylədiyi fikirlər və dövrün ABŞ lideri Barak Obamanı İŞİD-i yaratmaqda ittiham etməsinin videogörüntüləri rus “Telegram” kanalları tərəfindən intensiv şəkildə paylaşılmağa başlandı.

Bir çox rusiyalı siyasətçi, habelə Kremlə yaxın jurnalistlər isə sözügedən hadisə baş verən zaman bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının olduğunu iddia etdilər. Məntiqlə düşünsək, Ukrayna tərəfinin bu terror aktını həyata keçirməsi üçün gücü və maliyyəsi yoxdur.

“Crocus City Hall” hadisəsi Rusiya elitasına 90-cı illərin yenidən qayıtması ilə bağlı böyük bir mesaj verdi. 90-cı illərlə yanaşı 2000-ci illərin əvvəllərində çeçenlərin Beslan və Nord-Ost teatrında törətdiyi terror hadisələri Rusiyada böyük səs-küyə səbəb olmuş və bunun nəticəsində Rusiya I və II Çeçenistan müharibələrində genişmiqyaslı əməliyyatlara start vermişdi. İstisna edilmir ki, “Crocus City Hall” hadisəsi də Putin rejiminin Ukrayna siyasətində daha aqressiv hərəkətlərə meyllənməsinə səbəb olsun.

Hadisəni törədən İŞİD-Xorasan qruplaşmasının üzvlərinin FSB tərəfindən bir-bir “dənlənməsi”nə baxmayaraq, “Telegram” kanallarında yayılan görüntülərdə onlardan alınan ifadələr bir çox məsələlərdə toqquşur. Məsələn, Rusiya mediası terrorçu dəstə üzvlərinin, əsasən, tacik əsilli İŞİD-çilərdən olduğunu iddia edir. Lakin adıçəkilən şəxslər mediaya açıqlama verərək terror hadisəsində əlaqəsinin olmadığını söyləyirlər. Bununla yanaşı, taciklərin bu hadisədən sonra Rusiyada reputasiyasının düşməsi rusların “qara millət” adlandırdığı digər Mərkəzi Asiya dövlətlərinin vətəndaşları üçün də keçərli olacaq.

O cümlədən ötən gün baş verənləri “False flag” əməliyyatı kimi analiz etsək, burada bir neçə sual ortaya çıxır. Ümumiyyətlə, Putinin hakimiyyəti dövründə naməlum terror hadisələri, istintaqın şəffaf olmaması, bu terror hadisələrində FSB-nin əli olduğunu iddia edilməsi, keçmiş Baş nazir Boris Berezovski, keçmiş jurnalist Anna Politovskaya və FSB əməkdaşı olmuş Aleksandr Litvinenkonun öldürülməsi kimi faktlar “false flag” iddialarını gücləndirir.

Yəni insanlar “Rusiya özü edib” düşüncəsinə buna görə də daha çox inanırlar ki, bunda haqları da var. Lakin, əslində, hər şey o qədər də sadə deyil. Kəşfiyyat qrupları və ölkələr arasında fikir ayrılıqları hər zaman mövcud olub. Bu cür fikir ayrılıqları, eyni zamanda terror qruplaşmalarının həm işini asanlaşdırıb, həm də bir dövlətə qarşı digər dövlətin addımlar atmasında kömək rolunu oynayıb.

Misal olaraq 1973-cü ilin Yom Kippur hadisələri zamanı İsrailin hərbi və mülki kəşfiyyatı arasında fikir ayrılıqları sonda yüzlərlə insanın ölümünə səbəb oldu. Həmin dövrdə İsrail hərbi kəşfiyyatı olan AMAN İsrail hökumətinə bildirdi ki, Fələstin tərəfindən İsrailə qarşı heç bir hücum gözlənilmir. Terror aktı baş verməsi ehtimalı isə aşağıdır.

Lakin MOSSAD onların bununla razılaşmadıqlarını, eyni zamanda Fələstinli qruplaşmaların Yom Kippur bayramında terrora əl atacaqlarını qeyd etdi. İsrail hökuməti hərbi kəşfiyyat AMAN-a aid olduğu üçün onun hesabatını dinlədi və heç bir önləyici tədbir görmədi. Bunun nəticəsində Yom Kippur bayramı zamanı terror aktı baş verdi, yüzlərlə insan həlak oldu. O dövr AMAN rəhbərliyi çox ciddi reputasiya itkisi yaşadı və daha sonra kəşfiyyat qrupları arasında koordinasiya gücləndirildi, yeni qaydalar tətbiq edildi.

2001-ci ilin 11 sentyabr hadisələri zamanı da kəşfiyyat qrupları arasında ciddi fikir ayrılıqları hesabat fərqlilikləri var idi.

Postsovet dövlətlərinin bir çoxunda ən çox tanınan ABŞ kəşfiyyat qrupları CIA və FBI-dır. Halbuki ABŞ-da 13-ə yaxın kəşfiyyat təşkilatları var ki, onların bir çoxunun heç nizamnamələri və büdcələri məlum deyil. Misal olaraq, NSA və onun fəaliyyəti haqqında yalnız Eduard Snoudenin mediaya təqdim etdiyi məlumatlar və detallardan sonra bu qurumun adı tanındı.

Snouden də öz hesabatında bildirirdi ki, ABŞ-da 6-dan çox kəşfiyyat qurumu haqqında, ümumiyyətlə, məlumat yoxdur.

Qısacası, CIA NSA kimi təşkilatların bir gündə əldə etdiyi məlumatların 1%-i 1 ildə belə əldə etmir. CIA daha çox elə informasiya müharibəsini aparmaq və elitadakı adamları öz tərəfinə çəkmək kimi məsələlərdə istifadə olunur. Məsələn, 11 sentyabr hadisələri zamanı Rusiya tərəfi, daha sonra Britaniya və digər ölkələr ABŞ kəşfiyyat qurumlarını bununla bağlı məlumatlandırmışdı. Amma buna baxmayaraq, CIA və TSA kimi kəşfiyyat qrupları bu məsələyə o qədər ciddi yanaşmadılar. Snoudenin dediyinə görə, NSA bu barədə həyəcan təbili çalırdı, lakin Amerika rəhbərliyi hadisələrə gec reaksiya verdi.

Xatırladaq ki, Rusiya Boston marafonunda partlayış törətməkdə şübhəli bilinən Tsarnayevlə bağlı da Vaşinqtona xəbərdarlıq etmişdi. Həm Amerikanın, həm də Rusiyanın şübhəli terror aktları barədə bir-birini məlumatlandırmasına gəldikdə isə bu, qeyri-adi deyil.

Ehtimallardan biri isə odur ki, ABŞ Rusiyanın xəbərdarlığına məhəl qoymadığı kimi, Rusiya da eyni şeyi etmiş ola bilər. İstənilən halda Rusiyada baş verən bu olay Rusiya kəşfiyyatının uğursuzluğu və Rusiyanın 90-cı illərdə qayıdışıdır.

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026