• Bakı 24° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İranın nüvə silahı arzusu: Regionda nələr baş verə bilər?

SİYASƏT

22 Aprel 2024 | 12:13 | Müəllif: Qalib İbrahimoğlu

İranın nüvə silahı arzusu: Regionda nələr baş verə bilər?

Əvvəlki dövrlərdə İranın ali lideri nüvə silahlarının İslama zidd olduğunu bildirsə də, bu gün İranın nüvə arsenalı yaratmaqla bağlı planı aktual məsələlərdən biridir.

Bakıvaxtı.az-ın məlumatına görə, təsadüfi deyil ki, 2019-cu ilin fevral ayından etibarən İran zənginləşdirilmiş uranın miqdarını 997 kq-dan 5525 kq-a çatdırıb. Rəsmi Tehranın nüvə proqramından silah kimi istifadə etmək fikrində olmadığını açıqlamasına baxmayaraq, qlobal aləmdə nüvə silahı ilə rəqabətin artması danılmaz faktdır.

Bəs görəsən, İran nüvə silahına sahib olarsa, regionda nələr baş verə bilər?

Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, indiki məqamda İran nüvə silahı hazırlamaqda qətiyyətli görünür:

"Beynəlxalq nüvə sazişinin şərtlərinə görə, İranın uranı 3,67 faizdən yuxarı zənginləşdirməyə haqqı yoxdur. Lakin bu gün İran uranın zənginləşdirilməsini 20 faizdən yuxarı səviyyədə həyata keçirib. Bu o deməkdir ki, İranda uranın zənginləşdirilməsi normadan ən azı 7-8 dəfə çoxdur. Əgər İranda nüvə silahı hazırlanarsa, bu, region üçün birbaşa təhdid yarada bilər".

Politoloq bildirib ki, 2015-ci il martın 1-dək İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair "5+1” formatında yekun sazişlə bağlı siyasi razılaşma əldə edilib. Bu format çərçivəsində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya hərtərəfli fəaliyyətlə bağlı İranla müqavilə imzalamışdırlar. Razılaşma fonunda nüvə obyektlərinin yoxlanılması həyata keçirilirdi. Lakin sonradan İran bu əməkdaşlıqdan geri çəkildi.

Samir Hümbətov: Bəlkə də, silah artıq hazırlanıb, sadəcə olaraq...

"2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Amerikanın həmin razılaşmadan çıxdığını bəyan etdi. Bundan sonra İranın əl-qolu daha açıldı. Bu baxımdan hazırkı vatda İran nüvə silahı hazırlamağa çox yaxındır. Bəlkə də, silah artıq hazırlanıb. Sadəcə olaraq İran tam açıqlama vermir".

Qeyd edək ki, hazırda dünyada 12512 nüvə başlığı mövcuddur. Bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2023-cü il hesabatını açıqlayıb. Hesabata əsasən, Rusiya 5889 nüvə başlığı ilə nüvə gücünə malik ölkələr arasında birinci yerdədir. Daha sonra 5244 nüvə başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir. Bundan başqa, Fransada 290, Britaniyada 225, Pakistanda 170, Hindistanda 164, İsraildə 90, Şimali Koreyada isə hesablamalara görə 30 nüvə başlığı var.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026