• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Zəngəzur dəhlizinin açılmasına kim və ya nə mane olur? - AÇIQLAMA

SİYASƏT

21 May 2024 | 16:14

Zəngəzur dəhlizinin açılmasına kim və ya nə mane olur? - AÇIQLAMA

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bildirib ki, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olacaq bir layihədir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın Bakı şəhərindən başlayaraq Ermənistan və ya İran sərhədlərindən və Naxçıvandan keçərək əvvəlcə Qarsa, daha sonra Sivasa birləşən həm avtomobil yolu, həm də dəmiryolu xətti layihəsidir:

"Zəngəzur dəhlizi yaxın zamanda ya Ermənistan, ya da İran üzərindən tamamlanacaq. Bizi də türk dünyası ilə birbaşa birləşdirəcək". Uraloğlu əlavə edib ki, tenderlər keçirilib və bu gün işə başlansa, orta hesabla beş il çəkəcək: "Bu xəttin 2028-29-cu illərdə istismara verildiyini görəcəyik".

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması vaxtının uzun çəkməsinin səbəbi odur ki, hələlik siyasi cəhətdən razılıq yoxdur.

Professor vurğulayıb ki, digər yandan Zəngəzur dəhlizinin keçəcəyi avtomobil və dəmiryolu hələ layihələndirilməyib:

"Azərbaycan və Türkiyə tərəfi dəhlizlə bağlı yolları layihələndirsə də, Ermənistan bu işə başlamayıb. Reallıq odur ki, dəhliz üçün işə başlamaq ciddi maliyyə tələb edir və Ermənistanın maddi durumu bərbaddır. Əlbəttə, müəyyən məqamda layihə ilə bağlı bəzi işləri Azərbaycan öz gücü hesabına həyata keçirə bilər. Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi zamanı Gürcüstanın maliyyə imkanları zəif olduğuna görə Azərbaycan investisiya qoydu, kredit verdi. Amma Ermənistana yardım indiki şəraitdə real görünmür. Türkiyəli nazir Abdulkadir Uraloğlu peşəkar nəqliyyat adamıdır və yəqin ki, nə dediyini bilir. Amma Zəngəzur dəhlizi tam anlamı ilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinə alternativ sayılmır. Çünki Orta Dəhliz layihəsi həm məsafə baxımından Bakı-Tbilisi-Qarsdan yaxın olacaq, həm də iqtisadi cəhətdən ondan daha səmərəli hesab olunur".

Cümşüd Nuriyev: Dəhliz üçün işə başlamaq ciddi maliyyə tələb edir və Ermənistanın maddi durumu bərbaddır

C.Nuriyev əlavə edib ki, bütün hallarda Zəngəzur dəhlizi məsələsinə çox ciddi yanaşmalıyıq:

"Dəhlizin konkret nə zaman açılacağı bölgədə cərəyan edən proseslərin nəticəsindən daha çox asılı olacaq. Konkret tarix vermək mümkün deyil, lakin inanırıq ki, Azərbaycan ən qısa müddətdə Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Çünki bu dəhliz Türkiyə, Rusiya və Çinin iqtisadi maraqlarına tam uyğundur".

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Dekabr 2024